Yuxarı
    Bağlamaq

    Çin Azərbaycanın və İranın dəmir yolu layihələrinə maliyyə ayırmaq üçün xüsusi zəmanət istəyir

    Çinin dəmir yolu sektorunda ən iri şirkətlərindən biri iki ölkənin sərmayə mənbələrinə çıxışının əsas şərtini açıqlayıb

    Bakı. 19 aprel. REPORT.AZ/ Çin Rəşt-Astara dəmiryolu xəttinin tikintisinə sərmayə yatırmaq üçün İran və Azərbaycan hökumətindən zəmanət istəyir. 

    Bunu "Report"a açıqlamasında Çinin dəmir yolu sektorunda ən iri şirkətlərindən biri "China Railway Liuyuan Group Co.," şirkətinin Orta Şərq üzrə meneceri Ren Jun Jie bildirib.

    "Hesab edirik ki, Azərbaycan, Rusiya və İranı birləşdirən bu dəmir yolu xətti olduqca vacibdir. Şirkətimiz bu dəhlizi, xüsusən də Rəşt-Astara (İran) və Yalama - Astara (Azərbaycan) xəttini izləyir. Ötən il "Azərbaycan Dəmir Yolları" QSC ilə əməkdaşlığa dair müqavilə imzaladıq. Bu istiqamətdə hazırda İran Nəqliyyat Nazirliyi ilə danışıqlar aparılır. Bu dəhlizin Azərbaycan və İran üçün əhəmiyyətini anlayırıq. Lakin iki problem mövcuddur. Bunlardan biri tariflərin yüksək olması, digər əməkdaşlıq üçün zəmanətin əldə edilməsi ilə bağlıdır. İndi İrana dəmiryolu layihələrini reallaşdırmaq üçün maliyyə mənbələri lazımdır və biz bu mənbələrdən biri ola bilərik. Lakin bizə İran hökumətinin suveren zəmanəti gərəkdir. Bu, məsələn, qoyduğumuz sərmayəyə, heyətin şəraitinə, habelə tariflərə zəmanətin verilməsi şəklində ola bilər. Həmçinin vergilər azaldılması və ya "taxes-free" modelinin tətbiq olunması və s. şəkildə həyata keçirilə bilər",- Ren Jun Jie əlavə edib.

    Azərbaycan iqtisadiyyatında ÜDM-nin həcminin kifayət qədər normal olduğunu və Azərbaycan tərəfindən dərmiyolu layihəsinin reallaşdırılmasında problemin olmadığını qeyd edən menecerin sözlərinə görə, hazırda əsas çətinlik İran tərəfində müşahidə edilir: "Azərbaycan da dəmiryolu layihələri üçün sərmayə mənbələri axtarışında idi. Məncə, sonradan ölkə zəruri sərmayəni tapa bildi. Amma yenə də sərmayə cəlb etmək istəyirlər. Bunun üçün yenə də qeyd edirəm ki, qarşı tərəfin suveren zəmanəti əsas şərtdir.

    Ümumiliyyətlə, dəmiryolu sahəsi yatırılan sərmayənin geri götürülməsi baxımından mürəkkəb sferadır. Bu sahədən pul qazanmaq asan deyil. Məsələn, şirkətimizin İranda elektrik stansiyalarına yatırdığı sərmayə daha səmərli ola bilər, lakin bunu dəmiryoluna şamil etmək çətindir. Hətta Çində bu sahə xərclərini qarşılamaq üçün dövlətdən kredit alır. Düzdür, maliyyə vəsaiti təqdim etmək bizim üstünlüyümüzdür və İranın gözlədiyi 1 mlrd. dollar bizim üçün böyük məbləğ deyil. Lakin zəmanət almaq bizim üçün çox vacibdir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi