Bakı. 13 fevral. REPORT.AZ/ "Çex şirkətlərinin Azərbaycan bazarına cəlb olunması Bakıdakı Çex Respublikası səfirliyinin bu il üçün öncül vəzifələrindən biri olacaq".
“Report” xəbər verir ki, bunu mətbuat konfransı zamanı Çex Respublikasının Azərbaycandakı səfiri Milan Ekert bildirib.
Ölkəsinin şirkətlərinin Azərbaycanda xeyli iş təcrübəsinə malik olduğunu dilə gətirən diplomat deyib ki, onlardan bir çoxu həmçinin azərbaycanlı tərəfdaşları ilə müştərək istehsalat imkanlarını da dəyərləndirməyə hazırdır.
Səfir habelə Çex şirkətlərinin Bakı şəhərinin istər yerüstü, istərsə də yeraltı ictimai nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsinə töhfə verməyə hazır olduqlarını diqqətə çatdırıb.
Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsinin 12 faiz artaraq 1,1 milyard avro təşkil etdiyini qeyd edən M.Ekert Azərbaycanın Çex Respublikasına ixracının həmin müddət ərzində 15 faiz artaraq 1 milyard avroya çatdığını vurğulayıb.