Yuxarı

Bu gecə Ziya Bünyadov prospekti bağlanacaq

Səhər saatlarınadək prospektdə Oyunlar zolağının yenidən rənglənməsi işləri aparılacaq

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakıda saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

“Report” “Azeryolservis” ASC-yə istinadən bildirir ki, bununla bağlı olaraq Z.Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. “Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız Böyükşor yol qovşağından 20 Yanvar dairəsi istiqamətində aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni, nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

Qeyd edək ki, “Azəryolservis” I Avropa Oyunlarında müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-də başlayıb. Bu gecədən etibarən isə “Oyunlar zolağı”nın yenidən rənglənməsi işlərinə start verilir. Eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 sm enində sarı xətt və asfalt üzərində təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipi çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi