Yuxarı

​Boladiçay üzərində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb

Azəryolservis: Qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır

Bakı. 14 may. REPORT.AZ/ Ələt-Astara-İran sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır.

Məlumata görə, “Azəryolservis” tərəfindən ötən gün axşam saatlarından nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün çay yatağına boru düzülərək alternativ yol salınıb. Nəqliyyat vasitələri müvəqqəti salınan yolla hərəkətlərinə davam edə bilərlər. Hələlik yeni salınan müvəqqəti yolun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə maneəsiz hərəkət tam təmin olunacaq.

Xatırladaq ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində mayın 12-də, saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə, körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.

Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi