Bakı. 23 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) rusiyalı blogger İlya Varlamovun Azərbaycan paytaxtındakı piyada zolaqları və keçidləri ilə bağlı dediklərinə münasibət bildirib.
Agentliyin mövqeyini "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlayıb.
Xatırladaq ki, blogger Bakı haqqında hazırladığı sujetdə paytaxtın İstiqlaliyyət küçəsində lazimi qədər piyada zolağının olmadığını, yeganə piyada keçidinin xeyli uzaqda yerləşdiyini, eləcə də keçidlərdə pandusların olmadığını, bunun yaşlı və fiziki qabiliyyəti məhdud insanlar üçün problem yaratdığını qeyd edib.
M.Ağayevin sözlərinə görə, İ.Varlamov bundan əvvəl də Bakı ilə bağlı videoçarx hazırlayıb: "Həmin sujetdə paytaxtda yol hərəkətinin təşkili, piyadaların təhlükəsizliyi ilə bağlı bir sıra problemlər qabardılmışdı. O zaman BNA bu istiqamətdəki işlərə yenicə başlamışdı. Ötən dövrdə Agentlik şəhərdə piyadalar üçün pandusların quraşdırılması, qoruyucu tumbaların qoyulması, səkilərin məhəccərlərlə əhatələnməsi, yeni piyada keçidlərinin, sensorlu işıqforların təşkil edilməsi istiqamətində bir sıra işlər həyata keçirib. Yəni, bloggerin dediyi problemlər aradan qaldırılıb.
Sonuncu videoçarxa gəlincə isə, İstiqlaliyyət küçəsində piyada zolaqları zəruri olan yerlərdə təşkil edilib. Keçiddə pandusun olmamasına gəlincə isə, BNA bu məsələni İ.Varlamovdan əvvəl də qaldırıb və hazırda həlli üçün səy göstərir. Onu da deyim ki, Agentlik bu işləri xarici bloggerlər üçün yox, ölkə vətəndaşlarının mənmun qalması üçün görüb".