Yuxarı

Biləcəri Lokomotiv Deposunda mülki müdafiə təlimi keçirilib

Təlimin məqsədi fövqəladə hallar zamanı qovşağın çevik vəziyyətə gətirilməsi olub

Bakı. 13 may. REPORT.AZ/ Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin 2016-cı ilin mülki müdafiə (MM) tədbirlər planına müvafiq olaraq Biləcəri Lokomotiv Deposunda təşkil olunan və həyata keçirilən “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks təlim keçirilib.

Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, bununla əlaqədar olaraq, Biləcəri dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunublar. Təlimi FHN və dəmir yolu idarəsinin əməkdaşları müşahidə ediblər.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.

Biləcəri deposu ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Qovşaq rəhbəri, Biləcəri stansiyasının rəisi Elçin Məmmədov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən çıxaraq aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, deponun xidməti binalarının bəzi sahələrində uçqunlar olub. Uçqunlar altında qalanlar, ölənlər, yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Ərazi dərhal çəpərlənib, kəşfiyyataparılıb, müvəqqəti rabitə bərpa edilib, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb, yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıblar. Sonra bərpa işlərinə başlayıb. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə Baş Texniki Müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi