​Beyləqanın Yeni Xocavənd qəsəbəsinə içməli su verilib

​Beyləqanın Yeni Xocavənd qəsəbəsinə içməli su verilib Layihənin icrası nəticəsində qəsəbədə 1 200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb
İnfrastruktur
11 İyun , 2015 16:34
​Beyləqanın Yeni Xocavənd qəsəbəsinə içməli su verilib

Bakı. 11 iyun. REPORT.AZ/ “Azərsu” ASC Beyləqan rayonunun Yeni Xocavənd qəsəbəsini içməli su ilə təmin edib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Layihəyə əsasən, Yeni Xocavənd qəsəbəsinə məhsuldar və dayanıqlı mənbə hesabına içməli suyun verilməsi qərara alınıb. Bu məqsədlə Beyləqan şəhərini içməli su ilə təmin edən anbardan Yeni Xocavənd qəsəbəsinə magistral su xətti çəkilib, 5,4 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılaraq 232 ünvana birləşmə verilib. Layihə çərçivəsində Yeni Xocavənd qəsəbəsində kanalizasiya sistemləri də yaradılıb, bu məqsədlə 6 200 metr kanalizasiya şəbəkəsi və kollektoru inşa edilib.

Layihənin icrası nəticəsində qəsəbədə 1 200 nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşıb.

Qeyd edək ki, Yeni Xocavənd qəsəbəsi də daxil olmaqla Beyləqan şəhəri rayonun Əlinəzərli kəndi ərazisində qazılmış 5 ədəd subartezian quyusu hesabına içməli su ilə təmin olunur. Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması isə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində və ətraf kəndlərdə 25 mindən çox sakinin su təchizatını əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur. Layihəyə əsasən, quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd anbar, nasos stansiyası tikilib. Su mənbəyindən şəhərə qədər 450 mm diametrli polietilen borularla 8,6 km magistral su xətti çəkilib, şəhərdə 91 km içməli su və 89 km kanalizasiya şəbəkəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi