Bakı. 12 dekabr. REPORT.AZ/ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin icrasında kiçik gecikmələr olasa da, layihə reallaşdırılacaq. “Report”un verdiyi xəbərə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun jurnalistlərə açıqlamasında bildirib.
"Zaman-zaman texniki, ticari səbəblərlə bağlı gecikmələr ola bilər. Düzdür, bir il gecikib kimi sözlər danışılır. Nəticə etibarilə, kiçik gecikmələr olsa belə, layihə həyata keçiriləcək. Lakin işin əsasında odur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun həyata keçirilməsi üçün gücümüz, sərmayəmiz var və bu layihə reallaşdırılacaq", - deyə səfir vurğulayıb.
"Layihənin mərkəzində Azərbaycan durur. Azərbaycanın həm iqtisadiyyatının diversifikasiyası, həm də bu bölgədə mərkəz olmaq iddiası haqlıdır. Bu baxımdan, Bakı-Tbilisi-Qars layihəsi çox faydalı olacaq”, - deyə A.Coşkun əlavə edib.