Yuxarı

Buzovna qəsəbəsində mülkiyyət sahiblərinə çıxarışlar verilib

​Bakının Xəzər rayonunda “Kütləvi çıxarış” kampaniyası keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində vaxtilə kolxoz və sovxozlar tərəfindən verilən torpaq sahələrinə dair mülkiyyət sahiblərinə çıxarışlar təqdim edib.

“Kütləvi çıxarış” kampaniyası çərçivəsində 100-ə yaxın sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında çıxarışlar paylanıb. Bundan əlavə, sovet dövründə kolxoz və sovxozların verdiyi belə sənədləri olan digər vətəndaşlardan həmin sənədlər yerində qəbul edilib və sakinlərə yeni çıxarışların hazır olacağı və onların ünvanına çatdırılacağı tarix bildirilib.

Kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər yalnız çıxarış almaq üçün qanunla müəyyən edilən dövlət rüsumu və xidmət haqqının əsasında reallaşdırılır. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Bundan başqa, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. Bugünədək elektron xidmətlər vasitəsilə 363 minə yaxın müraciət qəbul olunub və icra edilib.

Qeyd edək ki, bu kampaniyada vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilən yaşayış, bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Eyni zamanda bura kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı da daxildir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi