Bakının təkrar mənzil bazarında qiymətlər enib

Bakının təkrar mənzil bazarında qiymətlər enib Ekspertlər: Daşınmaz əmlak bazarındakı durğunluq devalvasiyanın nəticəsi və neftin qiymətindəki dəyişkənliklə bağlıdır
İnfrastruktur
22 May , 2015 12:18
Bakının təkrar mənzil bazarında qiymətlər enib

Bakı. 22 may. REPORT.AZ/ Bu ilin aprel ayında Bakı şəhərinin təkrar yaşayış mənzil bazarında satışa təklif olunan mənzillərin orta təklif qiyməti təxminən 6% azalaraq 1 689 dollar/kv.m-ə qədər, milli valyutada isə 6,12% azalaraq 1 770 manat/kv.m-ə düşüb.

"Report"un “MBA Ltd.” konsaltinq şirkətinə istinadən verdiyi xəbərə görə, mart ayında milli valyuta ilə təkrar yaşayış mənzil bazarında 14,0% artım müşahidə edildiyi halda, apreldə 6,12%-lik qiymət azalmasının əsas səbəbi fevralda baş verən milli valyutanın devalvasiyası nəticəsində əksər əhalinin əldəki pulu əmlak bazarına investisiya etməsi olub ki, bu da öz növbəsində martda qiymət artımına ciddi təsir edib. Sonrakı ay, apreldə isə alıcılıq qabiliyyətinin zəifləməsi müşahidə edilib və bu, öz növbəsində qiymət azalmasına gətirib çıxarıb.

"Digər səbəb isə hazırda ölkədə yaşayış mənzillərinin qiymətinin ən yüksək səviyyədə olmasıdır. Artıq yaşayış mənzil bazarında qiymətlərin pik nöqtədən nisbətən aşağı düşməsi özünü göstərir. Onu da qeyd edə bilərik ki, dünya bazarında neftin qiymətinin azalması ölkədə daşınmaz əmlakın qiymətinin yüksək səviyyədən aşağı düşməsinə təsirsiz ötüşməyib. Daşınmaz əmlakın neftin qiymətindən asılılıq indeksinə nəzər salsaq, görərik ki, ötən ilin aprel ayında bu rəqəm 19,15 dollar/kv.m/barel olduğu halda, bu gün bu rəqəm 27,11 $/kv.m/barel təşkil edir. Bu səbəbdən daşınmaz əmlak bazarındakı hazırkı durğunluğu devalvasiyanın nəticəsi kimi və neftin qiymətindəki dəyişkənliklə izah etmək olar", - deyə şirkətdən bildirilib.

Son iki ay ərzində bazarda baş verən proseslərin əmlak bazarına göstərdiyi təsir nəticəsində təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində azalma müşahidə edilib. Aprel ayında bazarın bu seqmenti üzrə təklifin həcmi 1,47% azalıb. Martda ümumi təkliflərin sayı 1 752 olduğu halda, apreldə bu rəqəm 1 726-ya düşüb. Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 18.7% azalıb. Yasamal, Nəsimi, Nərimanov və Binəqədi rayonlarının təklif portfelindəki payı əvvəlki aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 66,8%-ə bərabər olub.

Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 2 000 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 81,5%-ni təşkil edir və qeydə alınan orta bazar qiyməti 1 480 dollar/kv.m-dir. Ümumi təklif portfelinin 13,75%-ni 2 000-2 500 dollar/kv.m qiymət diapazonu arasında satılan mənzillərin payına düşür. Bu qiymət diapazonunda qeydə alınan orta bazar qiyməti 2 160 dollar/kv.m-dir. Bazardakı bahalı mənzillər, yəni hər 1 kv. metrinin dəyəri 2 500 dollardan çox olan mənzillərin bazardakı payı isə 4,75% təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 3 000 dollar/kv.m-ə bərabərdir.

Apreldə otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 2, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb, 1 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması ən çox 2, 3 və 5 otaqlı mənzillərtdə baş verib, 1 və 4 otaqlı mənzillərdə isə qiymətlər müvafiq olaraq 3,9% və 6,0% düşüb.

Aparılan araşdırmalara əsasən, “eksperimental”, “leninqrad”, “xruşşov” və “yeni tikili təmirli” layihəli binaların təklif portfelindəki payı bu ayda mütləq çoxluq - müvafiq olaraq 12,23%, 13,83%, 11,26% və 42,82% təşkil edib.

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması İtalyan layihəsində qeydə alınıb (-9,46%). 

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1 648 dollar) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya (54%) malikdir. Mənzillərin orta sahəsi 82,57 kv.m, orta otaq göstəricisi isə 2,43, hər otağın orta satış qiyməti 56 108 dollar, mənzilin orta qiyməti isə 136 343 dollar təşkil edib.

Hesabat ayında Bakının təkrar mənzil bazarında qiymət indeksi mart ayı ilə müqayisədə 0,47 bənd azalaraq 7,51 bənddə qərarlaşıb.

Təkrar yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil “arxitektor” layihəli 2 otaqlıda qeydə alınıb. "İçərişəhər" metro stansiyası yanında yerləşən 43 kv.m sahəyə malik olan, əla təmirli mənzilin 1 kv. metrinin satışa təklif olunan qiyməti 4 600 dollar təşkil edib. Ən ucuz mənzil isə Qaradağ rayonunda, Ələt qəsəbəsində yerləşən 70 kv.m-lik sahəyə malik “eksperimental” layihəli, 3 otaqlı mənzildə (700 dollar/kv.m) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi