Yuxarı
    Bağlamaq

    Bakının mərkəzinə doğru yeni yolun inşası başa çatır - VİDEO

    Bu, Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaldacaq© Azeravtoyol.gov.az

    Bakı. 3 mart. REPORT.AZ/ Bakıda uzunluğu 1,1 km olan və Yusif Səfərov küçəsinə paralel salınan yeni yolda tikinti işləri yekunlaşır. "Azəravtoyol" ASC-dən "Report"a veriən məlumata görə, hazırda yol asfaltlanır və işlər sona çatmaq üzrədir.

    Layihəyə uyğun olaraq torpaq işləri və yol yatağının hazırlanması yekunlaşıb, yol boyu maneələr sökülüb, kommunikasiya xətlərinin köçürülməsi işləri başa çatdırılıb.

    "Yolun ümumi eni 12 metr olmaqla 2 hərəkət zolaqlıdır. Bura 9 metr enində hərəkət hissəsi və yol boyu piyadaların təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 1,5 metr enində səkilər daxildir. Asfaltlanma işlərinə paralel olaraq hazırda ərazidə piyada səkiləri inşa edilir. Bundan sonra, yolun işıqlandırılması üçün işıq dirəklərinin quraşdırılmasına başlanılacaq. Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfüqi nişanlanması işləri aparılacaq. İşlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub", - deyə məlumatda qeyd olunub.

    Avtonəqliyyat vasitələri sözügedən yol hazır olduqdan sonra birbaşa, Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyev küçəsinə, oradan isə Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət edə biləcəklər. Bu isə öz növbəsində Yusif Səfərov küçəsində hərəkət intensivliyini xeyli azaldacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi