Bakının ilkin mənzil bazarında qiymətlər azalıb

Bakının ilkin mənzil bazarında qiymətlər azalıb Ən çox ucuzlaşma Abşeron, Nəsimi və Nizami rayonlarında müşahidə olunub
İnfrastruktur
14 Yanvar , 2015 13:39
Bakının ilkin mənzil bazarında qiymətlər azalıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Ötən ilin dekabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz ("pod mayak") yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1 377 dollar/kv. metrdən 1,67% azalaraq 1 354 dollar/kv.metrə qədər, milli valyuta ilə isə ay ərzində 1 080 manat/kv.metrdən 1 062 manat/kv.metrə düşüb. "Report"un verdiyi xəbərə görə, bu barədə "MBA Ltd." qiymətləndirmə və konsaltinq şirkətinin monitorinq qrupunun dekabr ayı üzrə hesabatında bildirilir.

Bazar portfelində ümumi təkliflərin sayı isə noyabr ayı ilə müqayisədə dəyişməz qalaraq 535 ədəd təşkil edib ki, bu da öz növbəsində 2014-cü ilin əvvəli ilə müqayisədə 0,1% az, 2013-cü ilin müvafiq ayı ilə müqayisədə isə 0,01% çoxdur.

İlkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsi 800-1 250 manat/kv.m qiymət aralığında olan mənzillərdir, bu dəyərdə olan mənzillər ümumi portfelin 50.9%-ni təşkil edir. Təklif portfelinin qalan 49,1%-i isə 800 manat/kv.m-ə qədər olan ucuz mənzillər və 1 250 manat/kv.m-dən baha olan mənzillərin payına düşür.

Ümumilikdə, 2014-cü ilin dekabr ayında aparılan araşdırmalar göstərir ki, ilkin yaşayış mənzil bazarında təklif olunan "pod mayak" mənzillərin təklif qiymətlərində, bir otaqlıların qiymətləri dəyişməz qalıb, iki, üç və çox otaqlı mənzillərin qiymətlərində müvafiq olaraq 8%, 5% və 6% azalma müşahidə olunub. İlkin mənzil bazarındakı qiymətlərin nisbi azalma alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah edilir.

Ötən ay bаzаrdа təklif olunan "pod mayak" mənzillərin orta sahəsi nisbətən artaraq 113,2 kv.m təşkil edib. Otaqlar üzrə isə bir otaqlı mənzilin ümumi sahəsi ortalama 59,0, iki otaqlı 88,3, üç otaqlı 130,8, dörd və beş otaqlı mənzillərdə isə müvafiq olaraq orta sahə 181,0 və 239,0 kv.m olub.

Hesabat ayında təklif portfelində satışa çıxarılan "pod mayak" mənzillərin sayında artım əsasən paytaxtın Nərimanov və Binəqədi rayonlarında qeydə alınıb ki, buna da əsas səbəb kimi tikilməkdə olan binaların yekunlaşması göstərilir.

İlkin yaşayış mənzil bazarında 1 kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 4 otaqlı təmirsiz mənzildə qeydə alınıb. Səbail rayonunda, "İçərişəhər" metro stansiyası yaxınlığında yerləşən 282 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satış qiyməti 3 200 manat/kv.m təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonunun Xırdalan şəhərində yerləşib və qiymət 400 manat/kv.m (2 otaqlı mənzil, 75 kv.m) olub.

Yeni tikili mənzil bazarında ay ərzində Bakının rayonları üzrə оrtа qiymət azalması ən çox Abşeron, Nəsimi və Nizami rayonlarında müşahidə edilib və müvafiq olaraq 5,9%, 6,0% və 9,5% təşkil edib. Qiymət artımı isə daha çox Xətai rayonunda (+4,2%) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi