Bakı. 15 iyul. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisindən keçən Cəlil Məmmədquluzadə küçəsində baş vermiş çökmənin səbəbləri hazırda araşdırılır.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında deyilir.
Bildirilir ki, çökmənin səbəbi hazırda əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən cəlb edilmiş ağır texnikalar qazıntı işləri apardıqdan sonra bəlli olacaq.
"Çökmənin səbəbləri aradan qaldırılandan sonra yolun bərpasına başlanılacaq", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, sözügedən yol 7-8 il bundan öncə Bakı Metropoliteni sifarişi ilə metro tikintisi səbəbindən alternativ yol olaraq salınıb.