Yuxarı
    Bağlamaq

    Bakıda torpaqların idarə edilməsi üsulları mövzusunda təlim keçirilib

    Təlim torpaqların səmərəli istifadəsi, mühafizə monitorinqləri, torpaqların qiymətləndirilməsi, təyinatın dəyişdirilməsi və s. mövzuları əhatə edib

    Bakı. 5 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsində Avropa İttifaqının TAIEX Proqramı çərçivəsində “Torpaqların idarə edilməsi üzrə monitorinq üsulları” mövzusunda təlim keçirilib.

    “Report” Komitəyə istinadən bildirir ki, bu məqsədlə Sloveniya Dövlət Torpaq və Xəritəçəkmə Agentliyinin sədr müavini Tomas Petek Bakıda səfərdə olub. Tədbirdə Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin əməkdaşları iştirak ediblər.

    Bu təlim Sloveniya təcrübəsinə həsr olunub, torpaqların müasir üsulların tətbiqi ilə səmərəli istifadəsi, mühafizəsi ilə bağlı monitorinqlərin keçirilməsi, torpaqların beynəlxalq təcrübəyə əsasən qiymətləndirilməsi, təyinatının dəyişdirilməsinin əsaslandırılması və torpaq idarəçiliyinə həsr olunan digər mövzuları əhatə edib.

    "Hazırda Azərbaycanda aqrar sahənin inkişafına əhəmiyyətli dərəcədə dəstək verilir. Bu sahədə dövlət və bələdiyyə torpaqlarının təyinatdan kənar və səmərəsiz istifadəsi, habelə təyinatının qanunsuz olaraq dəyişdirilməsi hallarının aşkar edilməsi üçün mütərəqqi və çevik beynəlxalq təcrübənin mənimsənilməsinə ehtiyac var.

    Tədbir iştirakçıları və ekspertin rəyinə görə, Azərbaycanda torpaqların idarə olunmasında Sloveniya təcrübəsi də daxil olmaqla Avropa İttifaqında tətbiq olunan standartlardan istifadə edərək qeyd olunan sahələrdə təkmilləşdirmənin nəzərə alınması zəruri olardı. Bura torpaqların monitorinq üsullarının təkmilləşdirməsi, xüsusilə də qərar qəbul olunmasında torpaqlar haqqında mövcud məlumatlara çıxışın təmin olunması, lüzumsuz məhdudiyyətlərin aradan qaldırılması, daşınmaz əmlakın vahid elektron kadastr qiymətləndirmə bazasının yaradılması, torpaqların qiymətləndirilməsində vahid assosiasiyaların yaradılması və ixtisaslaşmış şəxslər tərəfindən torpaqların qiymətləndirilməsinin həyata keçirilməsi, torpağın təyinatının dəyişdirilməsi ilə bağlı qanunvericiliyin tələbləri və cərimələr haqqında əhalinin geniş maarifləndirilməsi və cərimələrin tətbiqinə başlanılması, vətəndaşların və digər maraqlı tərəflərin müxtəlif sahələr (meşə, yol, rabitə, kadastr və s.) üzrə məlumatlara çıxışının təmin olunması üçün "e-Hökumət" vasitəsilə vahid bazadan məlumatların idarə olunması sisteminin tətbiqi, əməliyyatların müasir texnologiya və elektron hökumət sisteminə əsaslanmaqla həyata keçirilməsi aiddir", - Dövlət Komitəsindən bildirilib.

    Beləliklə, TAIEX çərçivəsində keçirilmiş tədbirdə əldə olunan məlumatlardan və Sloveniya modelindən faydalanaraq, Azərbaycanda torpaqların idarə olunması və monitorinqi üsulları sahəsində təkmilləşdirmələr aparmaq mümkündür. Belə ki, vahid elektron baza yaradılarsa və maraqlı şəxslərin ona rahat çıxışı təmin edilərsə, xidmətlərin keyfiyyət səviyyəsi də artırıla bilər.

    Avropa İttifaqının direktivinə əsasən, Sloveniyada INSPIRE (məkan məlumatlarının vahid bazadan alınması modelidir) təşəbbüsü tətbiq edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi