Yuxarı
    Bağlamaq

    Bakıda neft maşınqayırmasının inkişafına dair tədbir keçirilib

    Tədbir Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramının müzakirəsinə həsr olunub

    Bakı. 1 may. REPORT.AZ/ Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı çərçivəsində verilən tapşırıqların icrası ilə əlaqədar neft maşınqayırmasının inkişafına həsr olunmuş tədbir keçirilib.

    “Report” nazirliyin məlumatına əsasən xəbər verir ki, tədbirdə İqtisadiyyat və Sənaye Nazirliyi, SOCAR və “Azərişıq” ASC-nin rəsmi şəxsləri ilə yanaşı, neft maşınqayırması və neft avadanlıqları istehsalı sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.

    İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev diqqətə çatdırıb ki, dövlət başçısı tərəfindən 26 dekabr 2014-cü il tarixində təsdiq olunan Azərbaycanda sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında neft maşınqayırması sahəsinin inkişafı ilə bağlı təkliflərin hazırlanması İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb. Bugünkü tədbir neft maşınqayırması sahəsində fəaliyyət göstərən müəssisələrin mövcud vəziyyətinin müzakirəsi, onların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə zəruri dövlət dəstəyinin göstərilməsi və bu sahənin inkişafı ilə bağlı təkliflərin nəzərdən keçirilməsi baxımından əhəmiyyətlidir.

    SOCAR prezidenti Rövnəq Abdullayev neft maşınqayırmasının uzun illər Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olduğunu qeyd edib, SOCAR-la neft maşınqayırması müəssisələri arasında mövcud əlaqələr barədə məlumat verib, dövlət neft şirkətinin bu əlaqələrin daha da inkişafında maraqlı olduğunu bildirib.

    “Azərişıq” ASC-nin sədri Baba Rzayev neft maşınqayırması müəssisələrində istehsal olunan yüksək keyfiyyətli avadanlıqların bir qisminin elektroenergetika və digər sahələrdə də istifadə olunduğunu, enerji infrastrukturunun inkişafı və təchizatı baxımından yerli məhsulların istehsalının vacibliyini qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi