Yuxarı
    Bağlamaq

    Bakıda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının iclası keçirilib

    Ramiz Həsənov: Gələn ildən Azərbaycan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq

    Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin 46-cı iclası keçirilib. Bu barədə "Report"a Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib. 

    Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov iclasda çıxış edərək, son illər ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əldə olunmuş uğurlardan danışıb. 

    Onun sözlərinə görə, Azərbaycanda standartlaşdırma və texniki tənzimləmə sistemlərinin müasirləşdirilməsi və inkişafına dəstək istiqamətində Avropa İttifaqının yeni Tvinning layihəsinə başlanılıb. Layihə çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” qanun layihələri hazırlanıb. 

    Standartlaşdırma üzrə Texniki Komitələrin yaradılması istiqamətində də işlərin getdiyini bildirən Ramiz Həsənov hazırda tikinti sahəsi və tikinti materialları, enerjisəmərəliliyi, alternativ və bərpa olunan enerjilər və metrologiya sahələrinin standartlaşdırılması üzrə texniki komitələrin formalaşdırıldığını qeyd edib: “Bundan başqa, komitədə qida məhsulları ilə bağlı beynəlxalq Kodeks Alimentarius standartları əsasında milli standartların hazırlanması prosesi aparılır. Metrologiya sahəsində xüsusi diqqət etalon bazanın genişləndirilməsi və inkişafına yönəldilib. Artıq gələn ildən Azərbaycan metrologiya üzrə nüfuzlu beynəlxalq təşkilatlar olan Çəkilər və Ölçülər üzrə Baş Konfrans və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatda təmsil olunacaq”.

    Akkreditasiya sahəsində yeni qanunun qəbulunu qeyd edən komitə sədri bu sahələrin daha da inkişaf etdirilməsi üçün münbit şəraitin olduğunu və bu prosesin davamlı olacağını bildirib.

    MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi Nikolay Soneç iclasın məhz Bakıda keçirilməsinin Azərbaycanın əldə etdiyi iqtisadi güc və regionda söz sahibi olması ilə əlaqələndirib. Beynəlxalq təşkilatların tədbirlərinə ev sahibliyi təcrübəsinə mükəmməl yiyələnmiş Azərbaycanda olmaqdan məmnunluq ifadə edən Nikolay Soneç sonra iclasın gündəliyini elan edib.

    İclasda həmçinin Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Özbəkistanın Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma Agentliyinin baş direktorunun müavini Jamşid Mirsaidov, Qazaxıstanın İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Kaneşev, Ukraynanın “Ukrmetrteststandart” dövlət müəssisəsinin bölmə rəisi Vladimir Yeremonko, Qırğız Respublikası İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəzinin direktoru Sultan Axmatov, Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin direktoru Bextiyor Şukurzade və digərləri gündəlikdə olan məsələlər barədə çıxış ediblər.

    Qeyd edək ki, iclasda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər planı, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsi aparılıb.

    Sonda MDB Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya üzv ölkələrin rəhbər şəxsləri tərəfindən iclasın protokolu imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi