Bakıda daha bir yol əsaslı şəkildə yenidən qurulur

Bakıda daha bir yol əsaslı şəkildə yenidən qurulur Babək və Nobel prospektlərini birləşdirəcək 6 hərəkət zolaqlı bu yolun eni 45 metr olacaq
İnfrastruktur
13 Avqust , 2015 10:31
Bakıda daha bir yol əsaslı şəkildə yenidən qurulur

Bakı. 13 avqust. REPORT.AZ/ "Bakı Ağ Şəhər" ("Baku White City") layihəsi çərçivəsində Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC tərəfindən Xaqani Rüstəmov küçəsinin yenidən qurulması işləri həyata keçirilir. “Report”un "Azəryolservis"ə istinadən verdiyi xəbərə görə, ümumi uzunluğu 1 050 metr olacaq küçənin 600 metrlik hissəsində qazma-dolma və torpaq işləri görülür.

Əsaslı yenidənqurma işləri çərçivəsində hazırda yol yatağının əsası tikilir. X.Rüstəmov küçəsində yol geyiminin qalınlığı 79 sm olması nəzərdə tutulub. Bundan 27 sm əhəngdaşı, 25 sm qum-çınqıl və 27 sm asfalt-beton örtükdür.

Qeyd olunub ki, Bakının iki əsas prospekti - Babək və Nobel prospektlərini birləşdirəcək küçə 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq. Küçənin eni 45 metr, ayırıcı zolağın eni 3 metr, səkinin eninin isə bəzi yerlərdə 4,5 metr olması nəzərdə tutulub.

"Bakı Ağ Şəhər" layihəsi çərçivəsində X.Rüstəmov küçəsi ilə Nobel prospektinin və X.Rüstəmovla Süleyman Vəzirov küçələrinin kəsişmələrində yeraltı piyada keçidlərinin tikinti işləri də aparılır. İki ədəd keçidin hər birinin uzunluğu 280 metr, qalereyasının eni 8 metr, hündürlüyü isə 3,2 metrdir. Keçidlər 16 ədəd eskalatorla təmin olunacaq.

Ümumilikdə, "Bakı Ağ Şəhər" layihəsinə uyğun olaraq 27,3 km yeni avtomobil yolu tikilməlidir. Şəhər əhəmiyyətli küçələrin 2, 6, 8 hərəkət zolaqlı olması planlaşdırılır. Yollarda hərəkət zolaqların eninin 3,5 metr, ayrıcı zolağın eninin 2-4 metr, yol örtüyünün isə polimer asfalt-beton olması nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi