Yuxarı

​Bakıda bəzi marşrut avtobuslarının hərəkət istiqaməti dəyişdirilib

Bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra yekun qərar veriləcək

Bakı. 23 iyul. REPORT.AZ/ Bakı şəhərinin Ramana qəsəbəsi yolunda baş verən avtobus qəzasından sonra Baş Dövlət Yol Polisi İdarəsi marşrut xətlərinin həmin yoldan deyil, qəsəbənin içindən keçməsi ilə bağlı dəyişiklik edib. Bunu “Report”a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

N.Allahyarova qeyd edib ki, bu yenilik daimi deyil və optimallaşdırma işləri bitdikdən sonra qərar veriləcək: “Optimallaşdırma aparılır və Bakı Nəqliyyat Agentliyi onlar üçün uyğun bir yol müəyyən edəcək. Amma hələ ki, Baş Dövlət Yol Polisi belə qərar qəbul edib”.

Agentlik rəsmisinin sözlərinə görə, Ramana yolundakı süni dayanacağın ləğv edilməsi ilə bağlı “Azəravtoyol” ASC-yə müraciət edilib: “Həmin yolda süni dayanacaq yaradılmışdır və “Azəravtoyol”a həmin dayanacağın ləğvi ilə bağlı müraciət etmişdik və deyildiyinə görə, artıq bu dayanacaq bağlanıb”.

Qeyd edək ki, iyulun 17-də saat 08:00 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakinləri Həsən Heybətov idarə etdiyi “Shacman” markalı yük avtomobilini qarşıda gedən Kərəm İbrahimovun 171 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusa vurub. Avtobus yolun kənarında dayanmış Vahid Cəfərova məxsus “VAZ-2107” markalı avtomobilə dəyib və “Daewoo” ilə “Shacman” markalı avtomobillər aşıb. H.Heybətov, K.İbrahimov və 21 sərnişin xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, hərəkət istiqamətləri dəyişdirilən 160, 171, 150, 136, 141, 101 və 187 saylı marşrut avtobuslarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi