Bakıda Beynəlxalq Su Həftəsi keçiriləcək

Bakıda Beynəlxalq Su Həftəsi keçiriləcək Su Həftəsi çərçivəsində martın 16-da beynəlxalq elmi-praktiki konfrans baş tutacaq
İnfrastruktur
1 Fevral , 2017 15:38
Bakıda Beynəlxalq Su Həftəsi keçiriləcək

Bakı. 1 fevral. REPORT.AZ/ Bakı şəhərində martın 14-18-də “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsi keçiriləcək.

"Azərsu" ASC-dən "Report"a verilən xəbərə görə, sözügedən tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri, quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Azərbaycan hökumətinin dəstəyi və Dünya Su Şurasının yaxından iştirakı ilə keçiriləcək Su Həftəsinə 40-dan çox ölkədən, beynəlxalq və regional təşkilatlardan, nüfuzlu elm mərkəzlərindən alim və mütəxəssislər qatılacaq. Eyni zamanda, həftə çərçivəsində Dünya Su Şurası İdarə Heyətinin 61-ci sessiyası və smart toplantısı baş tutacaq. BMT-nin “Davamlı İnkişaf Məqsədləri-2030” hədəflərindən biri olan “Təmiz su və sanitariya” hədəfini dəstəkləyən Su Həftəsi peşəkar diskussiyaların, işgüzar görüşlərin təşkili baxımından da əlverişli məkan olacaq.

Bununla belə, bu il Şollar-Bakı Su Qurğuları Kompleksinin istismara verilməsinin 100 ili tamam olur. Bununla əlaqədar Su həftəsi çərçivəsində “Azərsu” tərəfindən bir sıra tədbirlərin təşkili nəzərdə tutulub. ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə martın 16-da beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Konfransda “Şollar su kəməri - dayanıqlı və etibarlı su təchizatı sistemi”, “Qədim, tarixi su qurğuları”, “Müasir su təchizatı sistemləri: inkişaf, innovasiya və nailiyyətlər”, “İqlim dəyişikliyi, ətraf mühit və su təhlükəsizliyi” mövzularında sessiyalar təşkil ediləcək.

Yubiley tədbirləri çərçivəsində “Şollar 100” mövzusunda rəsm və foto sərgiləri, tədbir iştirakçılarının Şollar su mənbəyinə və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi