Bakıda Beynəlxalq Limanlar Assosiasiyasının illik toplantısı keçiriləcək

Bakıda Beynəlxalq Limanlar Assosiasiyasının illik toplantısı keçiriləcək Bununla bağlı qərar IAPH-nın Direktorlar Şurası tərəfindən qəbul olunub
İnfrastruktur
17 May , 2016 11:35
Bakıda Beynəlxalq Limanlar Assosiasiyasının illik toplantısı keçiriləcək

Bakı. 17 may. REPORT.AZ/ Bakı Limanı 2018-ci ildə Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Port and Harbors, IPAH) konfrasına ev sahibliyi edəcək. "Report"un Limanın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu barədə IAPH-nın Panamada keçirilən sonuncu illik konfransında qurumun Direktorlar Şurası qərar qəbul edib.

IAPH-nın baş katibi Susumu Naruse bu münasibətlə deyib ki, IAPH dünyanın aparıcı limanları üçün əməkdaşlıq etmək və qarşılıqlı təcrübədən öyrənmək üçün gözəl platformadır: "2018-ci ildə keçiriləcək konfransa ev sahibliyi etmək üçün Bakı şəhərini seçdiyimiz üçün çox məmnunuq və Azərbaycana səfər edərək yeni Bakı Limanı və ətrafında gedən inkişafı öz gözümüzlə görməyi səbirsizliklə gözləyirik".

IAPH-nın prezidenti Santyaqo Qarsia Mila isə öz növbəsində bu konfransın Azərbaycanda və ümumiyyətlə sürətli iqtisadi inkişaf yolu keçən regionda təşkilatın ilk tədbiri olacağını vurğulayıb: “İnanıram ki, dünyanın hər yerindən gələcək liman nümayəndələri Bakı Limanının Avrasiya məkanında nəqliyyat və logistika mərkəzinə çevrilmək istiqamətində gördüyü işlərlə tanış olmağa şad olacaqlar".

Bakı Limanının baş direktoru Taleh Ziyadov IAHP-nın illik konfransının Bakıda keçirilməsi qərarını mühüm hadisə kimi dəyərləndirib: “Bakı Limanının bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın tanıdılması baxımdan əməliyyətlidir. Dünyanın müxtəlif limanlarından 500-dən çox qonağın 2018-ci ildə ölkə paytaxtına səfər etməsi gözlənilir. Qonaqlar yeni Bakı Limanı və Azad Ticarət Zonası (ATZ) ilə əyani tanış olmaqla yanaşı, ölkəmizin tarixi və mədəniyyəti haqqında daha geniş məlumat toplamaq imkanı əldə edəcəklər".

Qeyd edək ki, IAPH 1955-ci ildən fəaliyyət göstərir və hər il keçirdiyi konfranslarda limanların dayanıqlıq və təhlükəsizlik məsələləri, innovativ avadanlıqların tətbiqi, ətraf mühitdə baş verən dəyişikliklərin limanlara təsiri, informasiya texnologiyaları və liman əməliyyatları və s. mühüm mövzular müzakirə olunur. 2015-ci ildə təşkilatın illik konfransı Hamburqda (Almaniya) keçirilib, gələn ilki toplantının isə Balidə (İndoneziya) keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Bakı Limanı 2010-cu ildən IAPH-nın tamhüquqlu üzvüdür.

Son xəbərlər

Orphus sistemi