Bakı yollarının yağışdan sonra bərbad vəziyyətə düşməsinin əsas səbəbi açıqlanıb

Bakı yollarının yağışdan sonra bərbad vəziyyətə düşməsinin əsas səbəbi açıqlanıb Birlik sədri: "Bu gün Nəqliyyat Nazirliyi yeni yol tikirsə, səhər digər qurum yolu söküb, altından xətt çəkir"
İnfrastruktur
31 Mart , 2016 15:27
Bakı yollarının yağışdan sonra bərbad vəziyyətə düşməsinin əsas səbəbi açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Bakıda "Sürücülərin maariflənməsinə yardım" İctimai Birliyinin sədri Fazil Məmmədov "Şəhərdə güclü yağış zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi" mövzusunda mətbuat konfransı keçirib. “Report” xəbər verir ki, konfransda çıxış edən Birliyin sədri F.Məmmədovun sözlərinə görə, yağan yağış nəticəsində paytaxt küçələrinin bərbad vəziyyətə düşməsinə başlıca səbəb aidiyyəti qurumların məsuliyyətsizliyi ilə bağlıdır. 

"Hazırda bu, gündəmdə olan vacib mövzulardan biridir. Çünki yolların tez-tez təmir edilməsinə baxmayaraq, yağış, qar yağan kimi yollar bərbad vəziyyətə düşür, hərəkət demək olar ki, tam iflic olur. Yolların yağış yağan zaman bərbad vəziyyətə düşməsinin ən başlıca səbəbi təmir-tikinti sahəsində vahid orqanın mövcud olmamasıdır. Yolların təmirində istənilən orqan qazıntı aparıb istədiyi işi görə bilir. Amma qanunla yollarda təmir işlərini yalnız bir qurum həyata keçirə bilər. Bu gün Nəqliyyat Nazirliyi hardasa yeni yol tikirsə, səhəri gün digər orqan bu yolu söküb, yolun altından xətt aparır və ya digər işlər həyata keçirilir. Bir il keçməmiş yollarda çökəkliklər əmələ gəlir, kanalizasiya qapaqları sınır, nəticədə böyük fəsadlar yaradan problemlər əmələ gəlir. Qurumlar qanunda göstərildiyi kimi deyil, istədikləri kimi hərəkət edir", - deyə Birlik rəhbəri qeyd edib.

F.Məmmədov bildirib ki, Azərbaycanda yolların təmir-tikinti işləri gündən-günə geriləyir: “Bu sahədə 1980-ci illərdən bu günədək yeterincə yeni texnologiyalar istifadəyə verilib. Lakin Azərbaycanda yol tikintisidə keyfiyyət 1980-ci illərdə olduğundan qat-qat aşağı səviyyədədir. Yollarin eni, uzunluğu və digər parametrləri heç o dövrün keyfiyyət standartlarına cavab vermir. Yolların nəqliyyat keyfiyyətinə cavab verməməsi isə yollarda tez-tez qəzaların baş verməsinə səbəb olmaqla yanaşı, avtomobilləri də bərbad vəziyyətə salır. Hər hansı bir sürücü bununla bağlı şikayətçi olub, məhkəməyə müraciət etdikdə isə günahkar Nəqliyyat Nazirliyi və ya digər bu məsələdə məsuliyyətli olan qurum deyil, sürücü özü olur. Nəqliyyatla bağlı qanuna əsasən, bu kimi ekstremal günlərdə yol polisi yollara daha ciddi nəzarət etməlidir".

Qeyd edək ki, Nəqliyyat Nazirliyi, “Azəravtoyol” ASC və digər aidiyyəti qurumlar mətbuat konfransına dəvət olunsa da, tədbirdə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi