Yuxarı

​Bakı-Sumqayıt dairəvi dəmir yolu layihəsinin dəyəri 550 mln. dollardır

Cavid Qurbanov: Asiya İnkişaf Bankı bu layihənin biznes-planını hazırlayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakı-Sumqayıt dairəvi dəmir yolu xəttinin inşası layihəsinin icrası 500-550 mln. ABŞ dollarına başa gələcək. "Report"un verdiyi xəbərə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

"Bakıdan Sumqayıta düz xətt deyil, dairədir. Bakıdan çıxan qatar Zabrata, Zabratdan Pirşağı, oradan Novxanı, sonra Corat, Sumqayıt stansiyası, sonra isə oradan Xırdalan, Biləcəridən Bakıya gəlir. Bu, böyük bir dairədir. Dairənin bir xətli uzunluğu 91 km, iki xətli isə təqribən 180 km-dir", - deyə C.Qurbanov qeyd edib.

Şirkət rəhbəri bildirib ki, artıq Asiya İnkişaf Bankı tərəfindən bu layihənin biznes-planı hazırlanıb. Lakin hazırkı durum layihənin reallaşmasına imkan vermir.

"Yerli icra hakimiyyətləri, bələdiyyələr bütün yolların ətrafını satıblar, yol qırağında qanunsuz tikintilər var. Yolların kanalizasiyaları səhv, qeyri-qanuni rabitə xətləri çəkilib. Bunun hamısını yeniləmək üçün xətti ayırmaq lazımdır. Mühafizəsini qorumaq lazımdır ki, yollara heyvanlar çıxmasın, insanlar qanunsuz yerlərdən keçməsinlər, keçidlər olmalıdır. Bu, böyük layihədir. Bu layihənin ümumi dəyəri Asiya İnkişaf Bankı tərəfindən 500-550 mln. dollar həcmində qiymətləndirilir. Bu gün isə iqtisadiyyatımız zəifdir və buna imkan vermir, o qədər imkanlarımız yoxdur. AİB bunun üçün biznes-plan da hazırlayıb", - deyə C.Qurbanov əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi