Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO

Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO "Azəravtoyol" isə bu cür hava şəraitinə hazır olmayan sürücüləri günahlandırıb
İnfrastruktur
1 Fevral , 2017 11:36
Bakı-Quba yolunda avtomobillərin hərəkətində çətinlik yaranıb - VİDEO

Bakı. 1 fevral. REPORT.AZ/ Bakıda yağan qar və müşahidə edilən şaxtalı hava şəraiti Bakı-Sumqayıt-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaradıb.

"Report"un həmin istiqamət üzrə hərəkət edən əməkdaşının sözlərinə görə, avtomobillər aşağı sürətlə hərəkət etsələr də, bəzi yerlərdə sürəşmə halları müşahidə edilir. Eyni zamanda, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yolda avtomobillərin hissə-hissə hərəkətini tənzimləməyə çalışır.

Bundan başqa, avtomobillərin yay şinlərini qış şinlərinə dəyişdirməyən müəyyən nəqliyyat vasitələri qarlı havada hərəkət etməkdə çətinlik çəkir.

Qeyd edək ki, təxminən saat 10:00 radələrində Bakı-Sumqayıt-Quba avtomobil yolunda "Facebook" sosial şəbəkəsi ilə canlı yayım edən "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edilən yolda nəqliyyatın hərəkətində heç bir problemin olmadığını, ancaq sovet istehsalı olan, protektorları yeyilmiş (nasaz), yay şinlərini qış şinlərinə dəyişməyən avtomobillərin çətinlik yaratdıqlarını, digər nəqliyyat vasitələrinə maneə olduqlarını bildirib.

O, deyib ki, "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə gecə boyu, səhər saatları və hazırda tədbirlər görülür.

"Bəzi avtomobillər bu cür hava şəraitinə hazır olmadıqları üçün yolda tıxac və sıxlıq yaradır. Bu, "Azəravtoyol"un avtomobillərinin də ərazidə hərəkət etməsinə çətinlik tərədir", - deyə A.Nəcəfli əlavə edib. 

Son xəbərlər

Orphus sistemi