Bakı Nəqliyyat Agentliyi paytaxtda reydlərə başlayıb

Bakı Nəqliyyat Agentliyi paytaxtda reydlərə başlayıb BNA icazə olmadan quraşdırılmış yol nişanlarını çıxarır
İnfrastruktur
11 Noyabr , 2016 11:45
Bakı Nəqliyyat Agentliyi paytaxtda reydlərə başlayıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın inzibati ərazilərində müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələr, o cümlədən, yol nişanları quraşdırılmasına qarşı reydlərə başlayıb. Bu, BNA-nın ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarovadan "Report"a daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, paytaxtın küçə və prospektlərdə müasir və qabaqcıl təcrübəyə əsaslanan yol nişanları, texniki nizamlanma vasitələri quraşdırılmaqdadır. Bakının inzibati ərazisinə aid yollarda BNA-nın müvafiq icazəsi olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması hallarına rast gəlinir. Ticarət, ictimai iaşə və xidmət obyektlərinin qarşısında parklanmanın təşkili, məlumatların çatdırılması və digər məqsədlərlə müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, o cümlədən yol nişanlarının quraşdırılması nəqliyyat sıxlığının yaranmasına səbəb olmaqla yanaşı, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə imkan vermir. Mövcud problemlərin və bu sahədə nöqsanların aşkar edilib aradan qaldırılması məqsədi ilə agentliyin mütəxəssisləri tərəfindən mütəmadi olaraq Bakı şəhərinin inzibati ərazisində yollara baxış keçirilib, müvafiq icazə olmadan quraşdırılmış yol nişanları çıxarılıb, yaxud da obyektlərin sahiblərinə bu barədə aidiyyəti üzrə xəbərdarlıq edilib.

İnzibati Xətalar Məcəlləsinin 350-ci bəndinə əsasən, müvafiq icazə olmadan yol hərəkətini nizamlayan texniki vasitələrin, svetoforların və yol nişanlarının quraşdırılmasına görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Bundan əlavə, həmin məcəllənin 354-cü bəndinə əsasən, müvafiq icazə almadan və ya alınmış icazənin şərtlərinə əməl etmədən avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər 3 000-4 000 manat məbləğdə cərimə edilir.

Bakı Nəqliyyat Agentliyi vətəndaşlardan xahiş edir ki, bu cür hallarla qarşılaşdıqları təqdirdə ALO 141 Qaynar Xəttinə müraciət etsinlər.

Son xəbərlər

Orphus sistemi