Bakı metrosu MDB-də ilk dəfə yollarda tətbiq edilən "Vollert-Rheda" sistemini quraşdıracaq

Bakı metrosu MDB-də ilk dəfə yollarda tətbiq edilən "Vollert-Rheda" sistemini quraşdıracaq Müasir sistem hazırda inşa edilən "Nərimanov" elektrik deposunda qatarların sınaq yolunda olacaq
İnfrastruktur
5 Aprel , 2017 13:14
Bakı metrosu MDB-də ilk dəfə yollarda tətbiq edilən Vollert-Rheda sistemini quraşdıracaq
Metro.gov.az

Bakı. 5 aprel. REPORT.AZ/ Bakı Metropoliteninin "N.Nərimanov" elektrik deposunda qatarların sınaq yolu inşa olunur. Bunu "Report"a metropolitenin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

"1970-ci illərdə depo yollarından biri sınaq yolu kimi istifadə edilib, lakin effektsiz olduğundan və standartlara tam cavab vermədiyindən ləğv edilib. Metropoliten tarixində ilk dəfə ən müasir və aparıcı dünya standartları səviyyəsində qatarların sınaq yolu inşa olunur. Mövcud şəraitdə belə bir yolun qurulması mürəkkəb olduğundan, "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi ilə aparılan danışıqlar nəticəsində "Nərimanov" elektrik deposuna yaxın ərazidə 8 min kv. metrə yaxın torpaq sahəsi metropolitenə verilib", - deyə N.Paşayev bildirib.

Qeyd edək ki, yolun ümumi uzunluğu 1 060 metr olacaq. Onun 800 metri sınaqların aparılması məqsədilə istifadə ediləcək, 260 metrlik yan yol isə qatar dayanacağı olacaq. Ötən müddət ərzində əsas işlər "Bakı Metropoliteni" QSC-nin vəsaiti və daxili əmək resursları hesabına aparılmaqla, sınaq yolu boyunca istinad divarı inşa olunub, mürəkkəb geoloji şəraitdə torpaq işləri görülüb, birinci beton təbəqəsi tökülməklə yol infrastruktrunun qurulması üçün zəmin yaradılıb.

N.Paşayevin sözlərinə görə, beton blokların tətbiqi ilə bağlı ən mühüm nailiyyət onların Azərbaycanda ilk dəfə yerli şəraitdə istehsalının təşkilidir: "Bu, yolun inşasında külli miqdarda vəsaitə qənaət etməyə imkan verir. Hazırda beton blokların istehsalı sahəsinin qurulması prosesində metropolitenlə əməkdaşlıq edən Almaniyanın "Vollert" şirkətinin seçdiyi təcrübəli mütəxəssisin iştirakı ilə layihə əsasında, sınaq yolunun 150 metrlik hissəsində beton bloklar düzülüb. Üstquruluşu elementləri qurulub və beton blokların bərkidiləcəyi beton təbəqəsinin texniki tələblərə uyğun tökülməsinə hazırlanıb və konstruksiya işləri davam etdirilir. Bu yol həm də yolun üstquruluşu avadanlıqlarının sınaq poliqonu olacaq. Çünki Bakı metropoliteni postsovet məkanında ilk dəfə yollarda tətbiq edilən müasir "Vollert-Rheda" sistemini quraşdırmağa başlayacaq. Bu məqsədlə mürəkkəb axtarışlardan sonra ən səmərəli və sərfəli variant kimi seçilmiş "Vossloh-300 UTS" tipli rels bəndlərindən istifadə edilir. Bu sahədə də istismar təcrübəsi məhz sınaq yolunda aparılır".

N.Paşayev əlavə edib ki, sonrakı mərhələdə yoldəyişdirici, işarəvermə, elektrik təchizatı və elektromexaniki avadanlıqlar quraşdırılaraq yol istifadəyə veriləcək. Yeni sınaq yolu metropolitendə qatarların təmiri prosesini sürətləndirməyə, onun səmərəsini və keyfiyyətini dəfələrlə artırmağa təkan verəcək: "Eyni zamanda burada qazanılacaq təcrübə yeni inşa olunacaq xətlərdə yeni tipli yolların salınmasını yalnız yerli kadrların hesabına keyfiyyətlə və sürətlə görməyə, yenilikləri genişləndirməyə şərait yaradacaq".

Son xəbərlər

Orphus sistemi