Yuxarı

Bakı limanının iş adamları ilə görüşü keçirilib

Tədbirdə limanın imkanları təqdim edilib

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakıda Amerika Ticarət Palatasının (AmCham) təşkilatıçılığı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının paytaxtda fəaliyyət göstərən yerli və xarici iş adamları ilə görüşü keçirilib.

"Report" xəbər verir ki, tədbirdə ABŞ və Meksikanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər.

Tədbirdə ilk olaraq Bakı limanının baş direktoru Taleh Ziyadov çıxış edib. O, qədim İpək Yolunun tarixi, Bakı limanının yaranması, onun yenidən qurulmasında icra edilən təşəbbüslər, Azərbaycanın əlverişli coğrafi mövqedə yerləşməsi, limanın imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat verib.

Daha sonra tədbirdə "Mars Tech", "Qatar Airways"in nümayəndələri və Meksikanın Azərbaycandakı səfiri Xuan Rodrigo Labardini təqdimatla çıxış ediblər.

AmCham-ın icraçı direktoru Natavan Məmmədova bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyətə başladığı 1 il ərzində inanılmaz populyarlıq qazanıb: "Biz xarici investorlarla da görüşlərdə bunun şahidi oluruq. Bakı limanına çox böyük maraq var. Bu yaxınlarda ABŞ-da, İtaliyada səfərlərdə oldum və bu marağı bir daha həmin ölkələrdə də müşahidə etdim, Bakı limanı barədə xeyli suallar verilirdi. Artıq liman yetəri qədər öz mövqeyini bəyan edə bilib. Bizim məqsədimiz də biznes mühitinə kömək olmaq, xidmət etməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi