Yuxarı

Bakı Limanı və Riqa Azad Limanı əməkdaşlıq edəcək

Bu məqsədlə Latviyanın vəkillər kollegiyasının üzvü, advokat bürosunun rəhbəri Modris Supe Bakıya səfər edib

Bakı. 11 noyabr. REPORT.AZ/ "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC Riqa Azad Limanı ilə təcrübə mübadiləsi həyata keçirmək məqsədilə Latviyanın vəkillər kollegiyasının üzvü və eyni adlı advokat bürosunun rəhbəri Modris Supenin Bakıya səfərini təşkil edib. Səfər çərçivəsində M.Supe Bakı Limanının rəhbərliyi və hüquqşünasları, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyi ilə bir sıra görüşlər keçirib.

"Report"un məlumatına görə, görüş zamanı Riqa Azad Limanında tətbiq edilən hüquqi rejim və idarəetmə modeli haqqında təqdimat keçirilib, bu rejimin xüsusiyyətləri araşdırılıb və təcrübə mübadiləsi üçün əsaslar qoyulub.

Rəsmi görüşlərdən əlavə, M.Supe həm də Bakının görməli yerləri ilə tanış olub, limanın tarixi haqqında məlumatlandırılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 18 mart 2015-ci il tarixli sərəncamı ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yaradılıb. Hazırda Bakı limanının Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində beynəlxalq standartlara əsaslanan işlər görülür. Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində tikilməkdə olan yeni liman kompleksinin üç tikinti fazası bitdikdən sonra Bakı limanının yükaşırma qabiliyyəti 25 mln. ton olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi