Yuxarı

​Bakı Dəmiryolu Vağzalı yenidən qurulur

Vağzalda yenidənqurma işlərinə artıq start verilib

Bakı. 4 mart. REPORT.AZ/ Bakı Sərnişin Dəmiryolu Vağzalının yüksək səviyyədə, müasir dövrün tələblərinə cavab verməsi üçün burada yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb. Bu məqsədlə artıq Bakı sərnişin vağzalında yenidənqurma işlərinə start verilib. Bu haqda "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

O bildirib ki, vağzalın əsas binasının fasadı, memarlıq üslubunun saxlanması şərtilə yenidən qurulacaq, vağzal binasının daxilində tam yenidənqurma işləri görüləcək. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunacaq, eskalatorlar yenisi ilə əvəzlənəcək.

Qeyd edək ki, XIX əsrin memarlıq abidələrindən olan Bakı Sərnişin Vağzalı 1884-cü ildə istifadəyə verilib. Vağzal binasının Mavritaniya üslubunda təqdim olunan ilk layihəsinin müəllifi Bruni, rəssamı Drittenpreys, memarı N.L.Qlebov olub, tikinti işlərinə isə memar L.Z.Rossi başçılıq edib.

"Bakı Dəmiryolu Vağzalı zəmanəsinin çox gözəl, Avropa və Şərq memarlıq elementlərinin üzvü surətdə qovuşduğu orijinal memarlıq kompleksidir. Əsaslı təmir və yenidənqurma işləri başa çatandan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - N.Əzməmmədov bildirib.

  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi