Yuxarı

Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilib

Culfa rayonunun Göynük və Nəhəcir kəndləri, həmçinin 1000 ha torpaq sahəsi Babək rayonunun tabeliyinə verilib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycan Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanunu imzalayıb. 

"Report"un məlumatına görə, qanuna əsasən, Culfa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Göynük kənd inzibati ərazi dairəsi tərkibindəki Göynük kəndi və Nəhəcir kənd inzibati ərazi dairəsi tərkibindəki Nəhəcir kəndi Babək rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.

Bundan başqa, Göynük və Nəhəcir kənd inzibati ərazi dairələri Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verilib.

Eyni zamanda Culfa rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 1000 ha torpaq sahəsi bu qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Babək rayonunun inzibati ərazisinə birləşdirilib.

Dövlət başçısı həmçinin “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun tətbiqi barədə sərəncam da imzalayıb. 

Sərəncama əsasən, Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidenti təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və onun icrası barədə beş ay müddətində Prezidentə məlumat vermək və həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi