"Azərsu" və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı arasında saziş imzalanıb

"Azərsu" və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı arasında saziş imzalanıb Saziş işçilərin qanuni mənafelərinin daha etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir
İnfrastruktur
8 Aprel , 2016 16:06
Azərsu və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı arasında saziş imzalanıb

Bakı. 8 aprel. REPORT.AZ/ “Azərsu” ASC ilə Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2016-2018-ci illər üzrə sahə kollektiv sazişi imzalanıb. “Report” ASC-yə istinadən bildirir ki, saziş işçilərin əmək və sosial hüquqlarının, qanuni mənafelərinin daha etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Yeni sazişin hazırlanmasına işəgötürən və həmkarlar təşkilatının mütəxəssisləri cəlb olunub, əvvəlki müqaviləyə bir sıra əlavə və dəyişikiklər edilib. Saziş əmək kollektivinin iş şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, mühafizəsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə qarşılıqlı maraqlar əsasında hazırlanıb, tərəflərin müzakirəsinə çıxarılıb.

Sənədə edilən dəyişikliklərdə Əmək Məcəlləsinin tələbləri nəzərə alınıb, işçilər üçün bir sıra güzəşt və imtiyazlar müəyyən edilib. Sənədə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində oxuyan işçilərə hər tədris ili üçün qanunvericilikdə nəzərdə tutulan müddətdən əlavə 10 təqvim günü ödənişli təhsil məzuniyyəti verilir. Eyni zamanda yeni ailə quran, övladı ilk dəfə orta məktəbə gedən, ailə üzvü və ya yaxın qohumu vəfat edən işçilərə ödənişli məzuniyyət günləri veriləcək.

Kollektiv sazişə əsasən, müəssisənin, idarənin, təşkilatın işçilərinin sayının ixtisarı zamanı qanunvericilikdə nəzərdə tutulan hallardan əlavə işdə saxlanmaq üstünlükləri də nəzərdə tutulub. Belə ki, yaşa görə əmək pensiyasına çıxmağa 3 ili qalan, təşkilatda 15 ildən artıq işləyən, himayəsində birinci qrup əlil ailə üzvü olan, 3 və daha artıq azyaşlı uşağı olan işçilərə işdə saxlanma üstünlüyü verilir. Eyni zamanda, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, keyfiyyətsiz icra etdikdə aylıq əmək haqqının 20%-i məbləğindən çox olmamaq şərti ilə cərimənin tətbiqi nəzərdə tutulub.

Qeyd edək ki, kollektiv saziş Əmək Məcəlləsinin bir çox maddəsində öz əksini tapıb. Məcəlləyə əsasən, kollektiv saziş müvafiq icra hakimiyyəti orqanı, həmkarlar ittifaqı və işəgötürənlərin birlikləri arasında işçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərinin müəyyən edilməsi məqsədi ilə bağlanır.

Son xəbərlər

Orphus sistemi