Yuxarı

​“Azərsu” Salyanda yeni magistral xəttin tikintisinə başlayıb

Şəhərin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılması nəzərdə tutlub

Bakı. 29 aprel. REPORT.AZ/ “Azərsu” ASC dövlət başçısının tapşırıqlarına uyğun olaraq bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində Salyan şəhərinin daha keyfiyyətli su ilə təmin olunması üçün təxirəsalınmaz tədbirlərin icrasına başlayıb.

“Report”a ASC-nin mətbuat xidmətindən verilən xəbərə görə, təsdiqlənən plana uyğun olaraq, Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə yeni magistral xəttin tikintisi, eyni zamanda Salyan şəhərinin bəzi küçələrində yeni paylayıcı şəbəkənin yaradılmasını nəzərdə tutlub. Layihə çərçivəsində 1,4 km uzunluğunda magistral, 2 km uzunluğunda paylayıcı xətlərin inşasına başlanılıb.

Aprel ayının ikinci yarısından layihənin icrasına başlanılıb və qısa müddət ərzində 710 mm diametrli magistral kəmərin 750 metrdən artıq hissəsinin tikintisi yekunlaşıb. Bundan əlavə, şəhərdaxili şəbəkədə müxtəlif diametrli borularla 800 metr uzunluğunda yeni xətt inşa edilib. Təsdiqlənən tədbirlər planına uyğun olaraq layihə üzrə işlərin iyun ayında tam başa çatdırılması planlaşdırılıb.

Nəzərdə tutulan işlər başa çatdıqdan sonra yeni çəkilən magistral xətt mövcud şəbəkəyə birləşdiriləcək və bununla da Salyan şəhərinin 12 mindən artıq sakini Kür Sutəmizləyici Qurğularında emal olunan keyfiyyətli içməli sudan istifadə edəcəklər.

Şəhərə yeni mənbədən suyun verilməsi təmin edildikdən sonra 1972-ci ildən istismarda olan sutəmizləyici qurğunun, həmçinin 3 ədəd nasos stansiyasının fəaliyyəti dayandırılacaq.

Qeyd edək ki, Şirvan-Muğan qrup su kəmərinin təməli 2012-ci ilin iyul ayında ölkə başçısı tərəfindən qoyulub, 2013-cü ildə bu kəmərdən Hacıqabul, Şirvan və Biləsuvar şəhərlərinə içməli suyun verilməsi təmin edilib. Ümumilikdə, bu layihə Şirvan-Muğan qrup su kəməri Hacıqabul, Şirvan, Biləsuvar, Salyan və Neftçala şəhərlərinin, eyni zamanda kəmərmarşrutu boyunca yerləşən 121 kəndin 470 min sakininin içməli su təchizatının yaxşılaşmasına hesablanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi