"Azərsu" Kürdəxanıda 26 mln. dollarlıq layihəni yekunlaşdırıb

"Azərsu" Kürdəxanıda 26 mln. dollarlıq layihəni yekunlaşdırıb Bu gün layihənin nəticələri müzkairə edilib
İnfrastruktur
14 Sentyabr , 2017 13:32
Azərsu Kürdəxanıda 26 mln. dollarlıq layihəni yekunlaşdırıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC-də Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə birgə reallaşdırılan “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması Layihəsi"nin yekunlarına həsr olunmuş seminar keçirilib. "Azərsu" ASC-dən "Report"a daxil olan məlumata görə, seminarda çıxış edən KOICA-nın ölkə nümayəndəliyinin direktoru Ço Yeonjae bildirib ki, bu, onun təmsil etdiyi qurumun Azərbaycanda həyata keçirdiyi ən böyük infrastruktur layihəsidir.

KOICA Baş Ofisinin Qiymətləndirmə İdarəsinin meneceri İlryonq Li “KOICA-nın Monitorinq və Qiymətləndirmə Siyasətinə dair Təqdimat”la çıxış edib. O, bildirib ki, bu layihənin müsbət nəticələri gələcək əməkdaşlığın genişləndirilməsinə xidmət edir.

“Azərsu” ASC-nin su təchizatı sistemlərinin idarə olunması şöbəsinin rəisi Məmmədrəsul İlyasov Azərbaycanda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin həyata keçirildiyini bildirib və əlavə edib ki, bu layihələrdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edilir. M.İlyasov Kürdəxanı qəsəbəsinin içməli su təchizatının yenidən qurulmasında Koreya şirkətlərinin rolundan danışıb və gələcək əməkdaşlığın önəmli olduğunu vurğulayıb.

Koreya Ətraf Mühit Korporasiyasının şöbə rəisi və nümayəndə heyətinin rəhbəri İqyun Ço “Kürdəxanı layihəsi üzrə qiymətləndirmə nəticələrinin qısa xülasəsi” mövzusunda təqdimatla çıxış edərək bildirib ki, bu layihə əhalinin su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması, ətraf mühitin qorunması ilə yanaşı, ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Seminarda qeyd olunub ki, “Azərsu” ilə KOICA arasında əməkdaşlığa 2011-ci ildə “Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması Layihəsi" çərçivəsində başlanılıb. Bu əməkdaşlıq üzrə Koreya Xarici İşlər və Ticarət Nazirliyi ilə 26,18 mln. dollar məbləğində qrant razılaşması, həmçinin Koreyanın nüfuzlu şirkətləri ilə podrat müqaviləsi imzalanıb.

“Kürdəxanı qəsəbəsində su təchizatı və kanalizasiya sisteminin yaradılması Layihəsi"nin icrasına 2012-ci ilin fevralında başlanılıb və 2015-ci ilin martında layihə üzrə işlər yekunlaşıb. Layihə çərçivəsində Kürdəxanı qəsəbəsində 97,2 km içməli su şəbəkəsi və 761 metr mikrotunel tipli kanalizasiya kollektoru tikilib, həmçinin 436 ədəd yanğın hidrantı, 361 ədəd siyirtmə və 3 663 ədəd smart tipli su sayğacları quraşdırılıb. Layihənin icrası nəticəsində Kürdəxanı qəsəbəsinin 14300 nəfər sakini fasiləsiz rejimdə içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi