“Azərsu” daha bir elektron xidmətin göstərilməsinə başlayıb

“Azərsu” daha bir elektron xidmətin göstərilməsinə başlayıb Əhali qrupu istehlakçıları borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından əldə edə bilər
İnfrastruktur
22 Sentyabr , 2016 15:06
“Azərsu” daha bir elektron xidmətin göstərilməsinə başlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Azərsu” ASC zəruri işlər apararaq “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayışın alınması" elektron xidmətinin göstərilməsinə başlayıb.

Bu barədə "Report"a "Azərsu"dan bildirilib.

Xatırladaq ki, borcun olmaması haqqında arayışın alınması elektron xidmətindən mülkiyyət hüququnun dəyişdirilməsi ilə bağlı məsələlərdə istifadə olunur. Belə ki, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və mülkiyyət hüququ başqasına verilərkən, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə borcun olmaması barədə arayış tələb olunur. Bugünədək borcun olmaması haqqında arayışın alınması üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər. Bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunurdu. Bundan sonra həmin arayışların alınması internet üzərindən də həyata keçiriləcək və abunəçinin hər hansı idarəyə üz tutmasına ehtiyac qalmayacaq.

Yeni yaradılan xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra borcun olmaması barədə arayışı www.azersu.az saytı və www.e-gov.az portalından əldə edə bilərlər. (www.azersu.az saytı www.e-gov.az portalına inteqrasiya olunub). Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi www.e-gov.az portalının “bütün xidmətlər” bölməsində “Azərsu”ASC-ni, daha sonra “I qrup istehlakçılar tərəfindən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olmaması haqqında arayış alınması” elektron xidmətini seçir. Növbəti mərhələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən “Elektron imza” kartı, Asan imza, yaxud “Elektron Hökumət” sistemi tərəfindən vətəndaşa verilən istifadəçi adı və şifrə ilə sistemə daxil olub xidmətdən istifadə edə bilər.

Bunun üçün ilk növbədə abonent kodu daxil edilir, daha sonra şəxsiyyət vəsiqəsinin pin kodu, əlaqə vasitələri, obyektə aid sənədlər (skan olunmuş, pdf və s. formatda) sistemə yüklənir və müraciət edilir.

Müraciət qeydiyyata alındıqdan 3 iş günü ərzində icra ediləcəyi barədə abunəçinin elektron ünvanına məlumat göndərilir. Sonrakı mərhələdə müraciət Cəmiyyətin müvafiq struktur vahidinə yönləndirilir. Operativ qaydada abunəçinin sayğacına yerində baxış keçirilir və ya onun ailə tərkibi dəqiqləşdirilir.

Müraciətin icrası tamamlandıqdan sonra abunəçinin elektron ünvanına borcun olub olmaması haqda məlumat göndərilir. Əgər abunəçinin borcu varsa tam ödəniş aparıldıqdan sonra, borc olmadığı təqdirdə isə “Göndərilən müraciətlər” bölməsindən arayışı əldə edə bilər.

Müraciətlərin nəticəsi abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırıldığından göstərilən elektron ünvanlar doğru və aktiv istifadədə olmalı, şəxsi və mənzil haqqında düzgün məlumatlar sistemə daxil edilməlidir. Əks halda müraciət etibarsız sayılacaq.

Sözügedən arayışın alınması üçün elektron xidmətdən istifadə ödənişsizdir.

Son xəbərlər

Orphus sistemi