Yuxarı

​"Azərsu" ASC "Biwater" və "Nobel Oil" şirkətləri ilə əməkdaşlıq memorandumu imzalayıb

Abşeron yarımadasında çirkab sutəmizləyici qurğular və kanalizasiya kollektorlarının tikintisinə 800 mln. dollar ayrılacaq

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün “Azərsu” ASC ilə Böyük Britaniyanın "Biwater" və onun yerli tərəfdaşı - "Nobel Oil" şirkətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

"Azərsu"nun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən xəbərə görə, memorandum "Biwater" və "Nobel Oil" şirkətləri tərəfindən Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğuları layihələri üzrə texniki-iqtisadi əsaslandırma və digər araşdırma işlərinin aparılmasını nəzərdə tutur.

İmzalanma mərasimində çıxış edən "Azərsu"nun sədri Qorxmaz Hüseynov bu sahədə beynəlxalq maliyyə təşkilatları və nüfuzlu xarici şirkətlərlə sıx əməkdaşlıq edildiyini diqqətə çatdırıb. O, su təchizatı və kanalizasiya infrastrukturunun dünya standartları səviyyəsində qurulması üçün ən yeni texnologiyalardan istifadə edildiyini xatırladaraq, çirkab sutəmizləyici qurğuların layihələndirilməsində Britaniya şirkətləri ilə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıb: "Çirkab sutəmizləyici qurğuların texniki-iqtisadi əsaslandırılması sahəsində böyük təcrübəsi olan "Biwater" şirkəti ilə əməkdaşlığın geniş perspektivləri var. Lökbatan və Şüvəlanda təmizləyici qurğuların tikilməsilə Abşeron yarımadasında formalaşan tullantı suların əhəmiyyətli hissəsi bu qurğulara yönəldiləcək. Bu layihələrin icrası zamanı tunel və mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi də nəzərdə tutulur. Hesab edirəm ki, bu layihələrin böyük ekoloji faydası olacaq".

"Biwater"in icraçı sədri Edrian Uayt bildirib ki, təmsil etdiyi qurum çirkab suların təmizlənməsi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Azərbaycanda içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadənin yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yaxından izləyirik. Qısa müddətdə böyük layihələrin icrasına başlanılıb. Şirkətimizin bu sahədə geniş təcrübəsini nəzərə alıb Azərbaycanda tullantı sularının idarəolunması sahəsində irimiqyaslı layihələrinin icrasında yaxından iştirak etmək və bu işləri qısa müddətdə icra etmək niyyətindəyik".

Qeyd edək ki, sənədi "Azərsu" ASC-nin sədri Q.Hüseynov, "Biwater" şirkətinin icraçı sədri E.Uayt və "Nobel Oil" şirkətinin baş icraçı direktoru Maykl Rinq imzalayıblar. Sənədə əsasən,"Biwater" və "Nobel Oil" şirkətləri Lökbatan və Şüvəlan çirkab sutəmizləyici qurğularının texniki-iqtisadi əsaslandırılmasını işləyib hazırlayacaq.

Böyük Britaniyanın İxracın Maliyyələşdirilməsi Agentliyi tərəfindən Abşeron yarımadasında çirkab sutəmizləyici qurğuların və kanalizasiya kollektorlarının tikintisinə 800 mln. ABŞ dolları həcmində vəsaitin ayrılması təklif edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi