Yuxarı

"Azərsu" abonent məlumatlarının dəyişdirilməsi prosesini elektronlaşdırıb

Azərsu daha 3 elektron xidmətin tətbiqinə başlayıb

Bakı. 22 dekabr. REPORT.AZ/ "Azərsu" ASC "Abonent məlumatlarının dəyişdirilməsi" elektron xidməti göstərməyə başlayıb. Bu barədə "Report"a "Azərsu“nun mətbuat xidmətindən məlumat verilib.

"Abonent məlumatlarının dəyişdirilməsi" elektron xidmətindən mülkiyyət hüquqları və abonentin şəxsi məlumatlarında dəyişiklik olduqda istifadə edilir. Məsələn, hər hansı mənzil, fərdi yaşayış sahəsi satılarkən və yaxud abunəçinin şəxsi məlumatları (ad, soyad və s.) ilə bağlı dəyişiklik olduqda mülkiyyətçi məlumatların dəyişdirilməsi üçün lazımi sənədləri təqdim edərək elektron formada müraciət edə bilər.

Qeyd edək ki, indiyədək bunun üçün abunəçilər müvafiq sənədlərlə yerli sukanal idarələrinə müraciət edirdilər, bu da əlavə vaxt itkisi və texniki prosedurlarla müşahidə olunub. Yeni yaradılmış xidmət vasitəsilə əhali qrupu (mənzil, fərdi yaşayış və bağ evləri üzrə) istehlakçıları bundan sonra abonent məlumatlarını www.azersu.az saytı vasitəsilə elektron müraciət edərək dəyişdirə biləcəklər. Hazırda bu xidmətin www.e-gov.az portalına inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Xidmətdən istifadə etmək üçün sistemə abonent kodu daxil edilir və bu zaman ekranda abonent məlumatları səhifəsi açılır. Burada abonentin adı, soyadı, atasının adı, yaşayış obyektinin adı, ailə tərkibi, şəxsiyyət vəsiqəsinin PİN kodu, göstərilən xidmətin adı (içməli su və kanalizasiya xidməti) və abonentin borcu barədə məlumatlar yerləşdirilib.

Elektron xidmətdən istifadə edilməsi və əməliyyatın aparılması üçün istifadəçi müvafiq məlumatı seçməli və tələb olunan prosedurları yerinə yetirməlidir. Eyni zamanda şəxsiyyət vəsiqəsinin, əmlakın mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədin, ailə tərkibi haqqında arayışın skan olunmuş surətləri və əlaqə vasitələri sistemə daxil edilməlidir.

Elektron xidmətdən istifadə edənlər xidmətin reqlamentində göstərilən tələblərə əməl etməli və müraciət formasındakı məlumatları düzgün cavablandırmalıdır. Sistemin yüklənmə ehtimalı nəzərə alınaraq bir mənbədən elektron məlumatın göndərilməsinin müddəti 1-5 dəqiqə müəyyənləşdirilib. Ümumilikdə abonent məlumatlarının dəyişdirilməsi əməliyyatı on-line müraciət qeydiyyata alındığı gündən 3 iş günü ərzində həyata keçirilir və bu xidmət ödənişsizdir.

Müraciət abunəçinin elektron poçtuna məlumat verməklə cavablandırılır.

Qeyd edək ki, abonent məlumatlarının dəyişdirilməsi ilə yanaşı, hazırda "Azərsu" ASC tərəfindən daha 3 növdə elektron xidmət tətbiq olunur. İstehlakçılar içməli su və kanalizasiya xidmətlərinə görə borcları internet vasitəsilə öyrənə, internet və ödəmə terminalları vasitəsilə ödəniş edə bilər, həmçinin ödəmə terminalları vasitəsilə smart kartların yüklənməsini həyata keçirə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi