Yuxarı

​Azərbaycanın biznes aviasiya operatoru trafikini artırıb

SW Business Aviation şirkəti beynəlxalq yarışlarda trafikin artacağını proqnozlaşdırır

Bakı. 30 oktyabr. REPORT.AZ/ "Silk Way Business Aviation" biznes operatoru bu ilin 10 ayı ərzində trafikini ötən ilin analoji dövrü ilə müqayisdə 5% artırıb. Əsas artım ilin birinci yarısında qeydə alınıb. "Report"un məlumatına görə, həmin vaxt aviareyslərin sayı 20% artıb. İşgüzar aviasiyaya da təsir göstərən qlobal böhrana baxmayaraq, "Silk Way Business Aviation" aviaşirkəti inkişaf templərini qoruya bilib və bu ilin nəticəsində müsbət statistika gözlənilir.

Qeyd edək ki, şirkət iyun ayında çarter reyslərinin yerinə yetirilməsi üçün "Gulfstream G650" yüksəksürətli biznes-cet alıb. İyun ayında Bakıda keçirilən I Avropa Oyunlarında işgüzar reyslərin əsas yükünü şirkət üzərinə götürüb. Şirkət Bakıda 2016-cı ildə keçiriləcək "Formula -1" Avropa Qran-pri yarışları və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı biznes trafikin artacağını gözləyir. Beynəlxalq yarışlar zamanı şirkət yenidən işgüzar aviasiya provayderi qismində fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2014-cü ilin nəticələri üzrə "SW Business Aviation"ın trafikinin artımı təqribən iki yeni "Gulfstream G280" biznes cetləri hesabına 30% təşkil edib. Daha çox tələbat olan istiqamətlər arasında Moskva, London, Dubay və İstanbul kimi şəhərlər var. Şirkət bu xidmətlərini Gəncə, Naxçıvan, Lənkəran və Zaqatala hava limanlarından da yerinə yetirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi