Yuxarı

​Azərbaycanda tikinti xərcləri indikatoru kəskin azalıb

Report agentliyi: Mənzil tikintisinə investisiyalar 8 aylıq minimuma enib

Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanda tikinti xərcləri indikatoru (Construction Spending Indicator – CSI) 2014-cü ilin oktyabr ayı üzrə 36,4% təşkil edib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabrda həmin indikator 111,1%, avqustda isə 107,6% olub.

Göründüyü kimi, CSI indikatoru azalmaqla mənfi zonaya, yəni 100%-dən aşağı zonaya düşüb. İndikatorun 100%-dən az olması mənzil tikintisinə investisiyaların aylıq müqayisədə azalmasını göstərir:

"Report"un analitikləri qeyd edirlər ki, mənzil tikintisinə yatırılan investisiyaların həcmi sentyabrda bu il maksimal göstəricisinə çatdıqdan sonra 8 aylıq minimuma enib. Bunun səbəbləri həm obyektiv, həm də subyektiv ola bilər. "Obyektiv səbəb kimi havaların nisbətən pisləşməsi, subyektiv amillər kimi isə tikinti şirkətləri və əhali tərəfindən tikintini müəyyən dərəcədə yavaşımasını qeyd etmək olar. Hazırda ölkə iqtisadiyyatında, əhalinin gəlirləri və maliyyə vəziyyəti sahəsində hər hansı bir mənfi tendensiya olmadığından bu vəziyyətin maliyyə çatışmazlığı səbəbindən yarandığını ehtimal etmək üçün əsas yoxdur", - deyə Agentliyin ekspertləri bildirib.

Qeyd edək ki, CSI əsas makroiqtisadi indikatorlardan biridir. Bu indikator tikinti sahəsində fəallığı, bu sahəyə yönəldilən maliyyə vəsaitlərinin dinamikasını əks etdirir. Bundan başqa, mənzil tikintisinə yönəldilən investisiyaların həcminin dinamikası tikinti ilə bağlı digər sahələr, o cümlədən məşğulluq, tikinti materialları bazarı və sair sahələrdə vəziyyəti də xarakterizə edir.

Ümumilikdə, 2014-cü ilin yanvar-oktyabr ayları ərzində mənzil tikintisinə 851,8 mln. manat həcmində investisiya qoyulub ki, bu illik müqayisədə 7,6% azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi