Yuxarı

​Azərbaycanda sosial mənzillərin inşası üçün rayonlarda araşdırma aparılıb

Agentlik direktoru: Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində torpaq sahələrinin ayrılması imkanları araşdırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə, aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanılıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında 10-dan çox torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə ilkin qiymətləndirilməsi həyata keçirilib. 

“Report” xəbər verir ki, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (“MİDA” MMC) direktoru Samir Nuriyev “Azərtac”a verdiyi müsahibəsində deyib.

Agentlik rəhbəri bildirib ki, mənzillərin tikilməsi üçün regionlarda da bəzi araşdırmalar aparılıb: “Bununla yanaşı, indi Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib. 

Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi