Yuxarı

Azərbaycanda radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi üzrə layihəyə yekun vurulub

Azərbaycan və Aİ 30 layihə həyata keçirib və daha 10 tvininq layihənin həyata keçirilməsini planlaşdırır

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda "Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun gücləndirilməsi və Yardımçı xidmətlərinin inkişafı" adlı layihənin yekunlarına həsr olunan tədbir keçirilib. 

"Report" xəbər verir ki, Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Aİ və Litva səfirliklərinə bu layihə çərçivəsində göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. 
Daha sonra çıxış edən Avropa İttifaqının Azərbaycandakı missiyasının nümayəndəsi Yurqen Villems qeyd edib ki, tvininq layihə iki tərəfin müvafiq institutlarını birləşdirməyə və birgə institusional və qanunverici əsasların yaradılmasını möhkəmləndirməyə imkan verir. O, tvininq layihələrinin Azərbaycanda populyar olduğuna görə məmnun olduğunu bildirib. Onun sözlərinə görə, artıq 30 layihə həyata keçirilib və daha 10 tvininq layihəsinin həyata keçirilməsi planlaşdırılır.

"Bildiyiniz kimi, Azərbaycanda AES və ya digər nüvə obyekti yoxdur, lakin ölkədə radiasiya səviyyəsi olduqca yüksəkdir. Buna görə də Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Agentliyin yaradılması haqqında qərarı düzgün hesab edirəm.

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas öz növbəsində bildirib ki, layihənin əsas məqsədi daha çox tərəfdaşlarla təcrübə paylaşmaq olub.

Sonda çıxış edən Litvanın Radiasiya Təhlükəsizliyi mərkəzinin rəhbəri Albinas Mastauskas layihə çərçivəsində aparılan dəyişikliklər haqqında danışıb. Nümunə kimi o, radiasiya təhlükəsizliyi haqqında yeni qanunun qəbul edilməsi də daxil olmaqla, mövcud qanunverici əsasların yenidən nəzərdən keçirildiyini, əhali arasında radiasiya qiymətləndirməsi sisteminin yaxşılaşdırılması, radiasiya təhlükəsizliyi üzrə bir neçə məruzənin qəbul edilməsi faktını göstərib. 

Qeyd edək ki, proqram Litvanın müvafiq strukturları ilə birgə Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Agentlik tərəfindən həyata keçirilib. 25 ay davam edən layihə 950 min avroya başa gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi