Azərbaycanda qeyri-neft yüklərinin həcmi 4%-dən çox artıb

Azərbaycanda qeyri-neft yüklərinin həcmi 4%-dən çox artıb 7 ay ərzində bu yüklərin həcmi 94,6 mln. ton təşkil edib
İnfrastruktur
15 Avqust , 2017 19:49
Azərbaycanda qeyri-neft yüklərinin həcmi 4%-dən çox artıb
Report

Bakı. 15 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 126,2 mln. ton yük daşıyıb. 

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur. 

Yüklərin 3,7%-i dəniz, 6,7%-i dəmir yolu, 0,1%-i hava, 62,4%-i avtomobil nəqliyyatı, 27,1%-i isə boru kəməri ilə daşınıb. Son 1 ildə qeyri-neft yüklərinin həcmi 4,4% artaraq 94,6 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 0,1% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,5% təşkil edib. 

7 ay ərzində nəqliyyatçılar 1 085,9 mln. nəfərə və yaxud 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5%-i avtomobil nəqliyyatı, 12,2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 8,4 mln. ton yük, 1,4 mln. sərnişin daşınıb. 1 il əvvələ nisbətən yük daşınmasında 1,6%, sərnişin daşınmasında isə 30,0% artım müşahidə olunub.

Orta hesabla sutkada 353 vaqon yüklənib, 408 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 13,5 min ton, Qərb istiqaməti üzrə 5,2 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

İlin əvvəlindən dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 4 608,4 min ton təşkil edib və illik müqayisədə 52,6% artıb. Yüklərin 48,5%-ni neft yükləri təşkil edib.

Bu dövrdə dəniz limanları 6 087,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib. Bunun 5 853,3 min tonunu və yaxud 96,1%-ni tranzit yüklər təşkil edib. 2017-ci il avqustun 1-nə limanlarda qalan yüklərin həcmi 144,3 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2016-cı ilin müvafiq dövrünə nisbətən 14,4% artaraq 11,1 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 78,9 mln. ton yük, 950,2 mln. sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,2% və 1,7% artım qeydə alınıb. Sərnişinlərin 96%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,1%, sərnişin dövriyyəsi isə 1,8% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 6,1% artaraq 132,9 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1 285,2 min və ya 21,3% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 6,4% artaraq 90,8 min tona çatıb.

Son xəbərlər

Orphus sistemi