Yuxarı

Azərbaycandan Qazaxıstana yük maşınlarının dənizlə daşınması kəskin artıb

Yeni ilin ilk 7 günü ərzində Aktau istiqamətində 255 yük maşını daşınıb

Bakı. 9 yanvar. REPROT.AZ/ Ötən ilin dekabr ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri ilə Bakı-Aktau (Qazaxıstan) istiqamətində 566, 2016-cı ilin ilk 7 günündə isə 255 yük maşını daşınıb. Cəmiyyətdən "Report"a daxil olan xəbərə görə, 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı ki, bu da 10 dəfədən çox artım deməkdir.

"Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülməkdədir. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır. Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və "Professor Gül" gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – "Merkuri-1" müvafiq texniki işlərdən sonra istismara buraxılacaq", - deyə şirkətdən bildirilib.

"Hazırda Bakıdan Aktau və Türkmənbaşı (Türkmənistan) istiqamətlərində 11 bərə və 2 "ro-ro" gəmisi işləyir. Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb", - deyə Xəzər Dəniz Gəmiçiliyindən əlavə ediblər.

Xatırladaq ki, bərə və "ro-ro" gəmilərinin səfərləri barədə məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında (www.acsc.az) mütəmadi olaraq yerləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi