Azərbaycanda müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqət artırılacaq

Azərbaycanda müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqət artırılacaq Bu sahədə vahid siyasəti müəyyən etmək öhdəlikləri götürülüb
İnfrastruktur
21 Aprel , 2016 00:58
Azərbaycanda müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqət artırılacaq

Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2016-2017-ci illər üçün Baş Kollektiv Saziş bağlanıb.

“Report”un xəbərinə görə, tərəflər hesab edirlər ki, Azərbaycanda uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına yeni iş yerlərinin açılmasına, gəlirlərinin artırılmasına və vətəndaşlarının maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə tarif sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Saziş əsasən, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyaların stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.

Bu məqsədlə tərəflər iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək etmək, iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək, yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq, prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək, istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadəsi üçün təsirli tədbirlər görmək, sosial-iqtisadi inkişafın uzunmüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq, əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq, bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədi ilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək, yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək, iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədbirləri davam etdirmək, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətin-də tədbirləri həyata keçirmək, korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək, əhalinin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq, yerli inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək, geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək öhdəliklərini götürüblər.

Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

Bu məqsədlə tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində Layiqli Əmək üzrə Ölkə Proqramını imzalamaq və onun icrasını təmin etmək, əməkhaqqı səviyyələri arasında qeyri-mütənasibliyin aradan qaldırılması məqsədi ilə Vahid Tarif Cədvəlinin təkmilləşdirilməsi prosesini davam etdirmək, kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsi məqsədi ilə tədbirlər görmək, gender bərabərliyinin təmin edilməsi baxımından əmək qanunvericiliyi normalarını təkmilləşdirmək, qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədi ilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi, müəssisə və təşkilatlarda əməyin normalaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq, istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payını əks etdirən məlumatlar ətrafında məsləhətləşmələr apararaq, bu sahədə vahid siyasəti müəyyən etmək öhdəlikləri götürülüb.

Son xəbərlər

Orphus sistemi