Azərbaycanda dəmir yolu məişət tullantılarından təmizlənir

Azərbaycanda dəmir yolu məişət tullantılarından təmizlənir “Azərbaycan Dəmir Yolları” QSC vətəndaşlara müraciət edib
İnfrastruktur
15 İyul , 2016 14:58
Azərbaycanda dəmir yolu məişət tullantılarından təmizlənir

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda dəmir yolunun sanitariya-mühafizə zonası məişət tullantılarından təmizlənir. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, son vaxtlar Bakıətrafı ərazidə, eləcə də xətt boyu dəmir yolu ərazilərinə yaxın yerlərdə yaşayan insanların təbiətə, ekologiyaya, özlərinə və ətrafdakılara səhlənkar münasibəti son nəticədə xoşagəlməz hallara gətirib çıxarır. Keçirilən reydlər zamanı təhkim zolağında və sanitariya-mühafizə zonasında müşahidə olunan natəmiz hallar barədə müvafiq rayonların rəhbərlərinə yazılı müraciət olunub.

Onun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları QSC tərəfindən dəmir yolu boyunca sanitariya-mühafizə zonasının çirkləndirilməsinin qarşısının alınması üçün məqsədyönlü tədbirlər planı hazırlanıb: “Azərbaycan Dəmir Yolları” QSC İnfrastruktur Departamentinin kollektivləri sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi işini həyata keçirməyə başlayıblar. Aradan ötən qısa zaman ərzində İnfrastruktur Departamentu Yol xidmətinin kollektivləri tərəfindən baş yolların kənarlarının, dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi istiqamətində mütəmadi tədbirlər görülüb. Bütün istiqamətlərdə marşrut boyu qalaqlanmış məişət tullantılarına rast gəlinməyib. Yaşayış məntəqələrinə yaxın yerlərdə zibil qutuları qoyulub və məişət tullantılarının atılması üçün quyular qazılıb".

“Azərbaycan Dəmir Yolları” QSC dəmir yolunun təhkim zolağına yaxın ərazidə yaşayan vətəndaşlardan xahiş edir ki, məişət tullantılarını müəyyən olunmuş yerlərə atsınlar. Bu, qatarların hərəkətinin ahəngdarlığının, təhlükəsizliyinin təmin olunmasında, ekoloji təmizliyin qorunmasında çox mühüm amillərdən biridir. Dəmir yolunun təhkim zolağının və sanitariya-mühafizə zonasının məişət tullantılarından təmizlənməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciəti qurum tərəfindən araşdırılıb, hazırda bu istiqamətdə birgə fəaliyyət göstərilir", - deyə Nadir Əzməmmədov vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi