Yuxarı

​Azərbaycanda daşınmaz əmlakın vergiyə cəlb edilməsi ilə bağlı yeni təkliflər hazırlanıb

Hökumətlə vətəndaş cəmiyyəti üzvləri daşınmaz əmlaka tətbiq olunan vergiləri müzakirə edib

Bakı. 20 noyabr. REPORT.AZ/ Bu gün Bakıda "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Daşınmaz əmlakın vergiyə cəlb edilməsi" mövzusunda dəyirmi masa keçirilib.

"Report" bildirir ki, tədbir Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə təşkil edilib.

Tədbirdə çıxış edən "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, bu il daşınmaz əmlakın idarəçiliyi sahəsində əsas problemlərdən biri yaşayış və qeyri-yaşayış yerləri, torpaq sahələrinin satışından gəlir vergisinin toplanması ilə bağlıdır.

Onun sözlərinə görə, bu yenilik nəinki daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olanların, eyni zamanda sadə vətəndaşların maraqlarına da təsir edib: "Gələn il qüvvəyə minəcəyi gözlənilən Vergilər Məcəlləsinə dəyişikliklər nəticəsində daşınmaz əmlaka tətbiq olunan vergi dərəcələri satışdan əldə olunan gəlirə əsasən deyil, daşınmaz əmlakın sahəsinə uyğun hesablanacaq. Bu yenilik ümumi şəraiti yaxşılaşdırsa da, 2014-2015-ci illər ərzində daşınmaz əmlakını satarkən gəlir vergisi ödəməli olan satıcıların vəziyyətini heç də düzəltmir".

Daha sonra çıxış edən təşkilatın layihə əlaqələndiricisi Məhəmməd Muradov qeyd edib ki, qeyri-yaşayış sahələrinin satışından tutulacaq gəlir vergisinin dərəcələri kommersiya və qeyri-kommersiya obyektlərinə fərq qoyulmadan eyni cür tətbiq olunacaq: "Bu hal xüsusilə qeyri-kommersiya obyekti satan şəxs üçün əlverişsiz olacaq. Bununla belə, daşınmaz əmlakın sahə ölçüsü nisbətində vergiyə cəlb olunması, əmlakın qeydiyyat proseduralarının da sadələşdiriləcəyi güman olunur. Ümumilikdə, qeyd edilənlərlə əlaqədar olaraq təşkilatımız hazırladığı beş hissədən ibarət tövsiyələr paketini müvafiq dövlət qurumuna təqdim edəcək".

Dəyirmi masada iştirak edən Vergilər Nazirliyi vergi siyasəti şöbəsinin rəisi Nicat İmanov tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi və digər dövlət orqanlarının əməkdaşları iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi