Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda daşınmaz əmlak və torpaqların qeydiyyatında "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb

    Bununla da torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək və uzun vaxt sərf etmək zərurəti aradan qalxıb

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə sosial amillərin, vətəndaş məmnunluğunun, habelə xidmətlərdə əlçatanlığın daha da artırılması məqsədilə daşınmaz əmlakların, o cümlədən torpaq sahələrinin qeydiyyatı, daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki sənədlərin tərtibində “bir pəncərə” prinsipinin tətbiqinə başlayıb.

    Komitədən "Report"a verilən məlumata görə, artıq bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – Komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilər. Bununla da, torpaqların ilkin qeydiyyatı zamanı bir neçə ünvana müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb. “Bir pəncərə” prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Bu isə daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, operativlik və rahatlığın əhəmiyyətli dərəcədə artmasına, qeydiyyatın sürətlənməsinə şərait yaradıb. Vahid mərkəzdən idarəçilik sisteminin tətbiqi ilk növbədə əmlak münasibətlərinin inkişafının sürətləndirilməsini və mülkiyyət məsələlərində vətəndaş amilinin gücləndirilməsini təmin etməkdədir.

    Qurum əsassız olaraq bələdiyyələrə, fiziki və hüquqi şəxslərə verilmiş, habelə mühafizə zolaqlarında inşa edilmiş daşınmaz əmlakın qeydiyyatına yol verilməməsini nəzarətdə saxlayır. Bununla bağlı mütəmadi araşdırmalar aparır və nəticələrə əsasən müvafiq tədbirlər görür. Torpaqlardan istifadə və onların mühafizəsi sahəsində inzibati xətalara yol verilməsi halları aşkar edildikdə zəruri məlumatları Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə təqdim edir.

    Komitənin yeni əsasnaməsinə uyğun olaraq, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin bir sıra vəzifələri müəyyən olunub. Agentlik dövlət torpaqlarının icarəyə və istifadəyə verilməsinə dair rəyin verilməsini, torpaqların kateqoriyalara aid edilməsi barədə tədbirləri Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirir.

    Xatırladaq ki, Komitə tərəfindən artıq torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinə başlanılıb. Bununla bağlı, Komitənin rəsmi mətbu orqanı “Mülkiyyət” qəzetində və rəsmi internet səhifəsində müvafiq elanlar verilib. Elanlarda iştirak qaydaları və digər zəruri proseduralar göstərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi