Azərbaycanda daha 2 "Şəbəkə" xidmət mərkəzi açılacaq

Azərbaycanda daha 2 "Şəbəkə" xidmət mərkəzi açılacaq Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan ilk Şəbəkə xidmət mərkəzinin istifadəyə verilməsindən 1 il ötür.
İnfrastruktur
10 Fevral , 2018 16:00
Azərbaycanda daha 2 Şəbəkə xidmət mərkəzi açılacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılan ilk "Şəbəkə" xidmət mərkəzinin istifadəyə verilməsindən 1 il ötür.

“Report” xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda ölkədə 6 belə mərkəz fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakıda, digər 2-si Cəlilabad və Zaqatala şəhərlərində yerləşir. Yaxın günlərdə paytaxtın Yasamal rayonunda daha 1, Sumqayıt şəhərində isə ilk “Şəbəkə” xidmət mərkəzi açılacaq. Mərkəzlərin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görülür. Növbəti mərhələdə "Şəbəkə" mərkəzlərinin respublikanın digər ərazilərində də yaradılması istiqamətində işlər davam etdiriləcək.

Xatırladaq ki, ilk “Şəbəkə” 2017-ci il fevral ayının 10-da istifadəyə verilib. Yaradılan müasir xidmət mərkəzlərində NRYTN-nin qurumlarının vətəndaşlara göstərdiyi xidmətlər cəmləşib. Vahid məkanda əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri də göstərilir. Eyni zamanda, “Şəbəkə”də lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, elektron imza, zərf, marka, açıqca və aviabiletlərin satışı, pulköçürmələri, büdcə, kommunal, İpoteka və Kredit Zəmanət Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir.

Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. “E-Gov Pay” - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda şənbə və bazar günləri xidmət göstərilir. “Şəbəkə”yə məxsus 123 çağrı mərkəzi isə həftə içi saat 8:00-dan 20:00-a qədər, şənbə günləri saat 9:00-dan saat 19:00-a qədər, bazar günü isə saat 9:00-dan saat 18:00-a qədər daxil olan bütün sorğuları qəbul edir.

"Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması, şəffaflığın təmin edilməsi və bürokratiya hallarının aradan qaldırılmasıdır.

Son xəbərlər

Orphus sistemi