Yuxarı
    Bağlamaq

    Azərbaycanda 7 500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib

    Güzəştli mənzillər üzrə yeni satış modulunun istifadəyə verilməsi planlaşdırılır

    Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “MİDA” MMC-nin Müşahidə Şurasının 2017-ci il üzrə yekun iclası keçirilib. Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, iclasın gündəliyinə uyğun olaraq, ilk növbədə “MİDA” MMC-nin direktorunun ötən il ərzində Cəmiyyət tərəfindən görülən işlərin yekunlarına dair hesabatı dinlənilib. Qeyd olunub ki, MİDA-nın birinci layihəsi olan və 1 843 ailəni mənzil ilə təmin edəcək Yasamal Yaşayış Kompleksinin tikintisində əhəmiyyətli irəliləyiş əldə olunub.

    Belə ki, 29 yaşayış binasından ibarət olacaq kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb, tamamlama-bəzək işləri davam etdirilir. Paralel olaraq digər çoxmənzilli yaşayış binalarının hər birinin tikintisi sürətlə davam etdirilir, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri həyata keçirilir.

    Bununla yanaşı, məlumat verilib ki, “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatı davam etdirilir. Ötən müddət ərzində bu sistem vasitəsilə 7 500-dən çox vətəndaşın güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənib.

    MMC-nin direktoru bildirib ki, Yasamal Yaşayış Kompleksi layihəsinin reallaşdırılması ilə bağlı il ərzində keçirilmiş 3 investisiya müsabiqəsi nəticəsində təşkil olunan dövlət-özəl tərəfdaşlığı çərçivəsində 18 mln. manata yaxın özəl sərmayə cəlb olunub. Bu vəsait 3 yaşayış binasının tikintisinə, ərazidə telekommunikasiya infrastrukturunun yaradılmasına, habelə ticarət mərkəzinin layihələndirilməsi, tikintisi və idarə olunmasına yönləndiriləcək.

    Hesabat çıxışında vurğulanıb ki, 2017-ci ilin daha bir önəmli nailiyyəti Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi olan Hövsan Yaşayış Kompleksinin tikintisinin başlanmasıdır. Belə ki, dekabrın 24-də bu kompleksin ilk 7 mərtəbəli binasının təməli qoyulub. Bakı şəhərinin Suraxanı rayonunda 20 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində 3 002 mənzilin inşa olunaraq istifadəyə verilməsi nəzərdə tutulur.

    İclas çərçivəsində həmçinin, “MİDA” MMC-nin 2018-ci il üçün perspektiv inkişaf strategiyası müzakirə edilib, Cəmiyyətin daxili audit şöbəsinin hesabatı dinlənilib, habelə “Güzəştli mənzil” elektron sisteminin səmərəliliyinin artırılması və yeni satış modulunun istifadəyə verilməsi məqsədilə müvafiq təlimatlar və digər aidiyyəti sənədlər təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi