Yuxarı

Azərbaycan yeni özəlləşdirməyə çıxarılan dövlət obyektlərinin təqdimatını keçirib

Aparat rəhbəri: Mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılması nəzərdə tutulur

Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) start verdiyi yeni özəlləşdirmə prosesi çərçivəsində satışa yeni çıxarılan dövlət əmlaklarının ictimai təqdimatını keçirib.

ƏMDK-nin mətbuat xidmətindən “Report”a bildirilib ki, tədbirdə Komitənin Aparat rəhbəri Azər Bəşirov, nümayəndələri, bir sıra səhmdar cəmiyyətləri, dövlət müəssisələrinin rəhbərləri, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Komitənin Aparat rəhbəri dövlət başçısının fərmanına əsasən özəlləşdirmə prosesində mühüm yeniliklər tətbiq edilir: “Özəlləşdirmə prosesində səmərəliliyin və şəffaflığın təmin edilməsi, özəlləşdirmənin elektron vasitələrlə geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Bu məqsədlə dövlət əmlakının özəlləşdirilməsi prosesində müasir optimal yanaşmalar tətbiq olunur. Özəlləşdirmə Portalı yeni istifadəyə verilsə də, qısa müddətdə istifadəçilərin sayı 22 mini keçib. İstifadəçilər arasında Rusiya, Türkiyə, Gürcüstan, Almaniya, Estoniya və digər ölkələrdən də var”.

A.Bəşirov təqdimat zamanı səhmlərinin bir hissəsinin özəlləşdirilməsi barədə elan verilən səhmdar cəmiyyətləri, Bakı və regionlarda yerləşən kiçik dövlət müəssisə və obyektləri monitorda əyani nümayiş etdirib: “Yerli və xarici investorların cəlb edilməsi üçün 6 səhmdar cəmiyyətin əvvəlki istehsal imkanları, hazırkı vəziyyəti və gələcək perspektivliyini özündə əks etdirən profilləri hazırlanaraq portalda yerləşdirilib. Portalda özəlləşən müəssisə və əmlakların yerləşmə mövqeyi ilə bağlı xəritə məlumatları, mövcud infrastrukturu ilə tanış olmaq mümkündür”

Komitə rəsmisi bildirib ki, vətəndaşlar hərraca çıxarılan dövlət əmlakı barədə ətraflı informasiyanı şəffaf və sürətli qaydada əldə edə biləcəklər: “Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. Eləcə də, investorlar üçün onlayn məsləhət sistemi fəaliyyət göstərir. Bu sistem vasitəsi ilə özəlləşdirmə prosesi ilə bağlı istənilən sualla Komitəyə müraciət edib, qısa zamanda ətraflı məlumat ala bilirlər. Mərhələli şəkildə çoxlu sayda dövlət müəssisə və obyektlərinin qarşıdakı dövrdə özəlləşdirməyə çıxarılması nəzərdə tutulur”.

Qeyd edək ki, Komitə tərəfindən ilkin mərhələdə 65 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edilib. Bu əmlakların 25-i iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 2-si qeyri yaşayış sahəsi, 28-i digər dövlət əmlak və obyektləri, 10-u isə nəqliyyat vasitələridir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakı inventar qiyməti ilə deyil, bazar dəyərinə uyğun qiymətlərlə hərraclara çıxarılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi