Türkiyə parlamentinin komissiya sədri: “Azərbaycan vasitəsilə təcrübələrimizi digər qardaş türk ölkələrində bölüşmək istəyirik”

Türkiyə parlamentinin komissiya sədri: “Azərbaycan vasitəsilə təcrübələrimizi digər qardaş türk ölkələrində bölüşmək istəyirik” "Bizdə əskik olan bəzi şeylər Azərbaycanda daha çox tədarük edilir, biz o məhsulları qardaş ölkədən gətirə bilərik"
İnfrastruktur
18 Fevral , 2019 09:33
Türkiyə parlamentinin komissiya sədri: “Azərbaycan vasitəsilə təcrübələrimizi digər qardaş türk ölkələrində bölüşmək istəyirik”

İstanbul. 18 fevral. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisi (TBMM) Aqrar, meşə və kənd işləri komissiyasının sədri, hakim Ədalət və İnkişaf Partiyasından deputat Yunis Qılıcın “Repot”un bu ölkədəki bürosuna müsahibəsi.

- Türkiyə ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsindəki münasibətlərin inkişaf etdirilməsi üçün hansı işləri görmək lazımdır?

- Mən Karsdan millət vəkiliyəm. Əvvəllər Azərbaycan Türkləri Kars bölgəsində yaşayırdı, daha sonra İğdır da vilayət olduqdan sonra bir çox Azərbaycan mənşəli vətəndaş orada və İstanbulda yaşamağa başladı. Mən əvvəldən bəri o insanlarla iç-içəyəm, millət vəkili olduğuma görə də demək olar ki, hər gün Azərbaycan mənşəli bir çox insanla üz-üzə gəlirəm. Münasibətlərimizin ümumi çərçivəsi məlumdur: “Bir millət iki dövlət”. Əvvəldən də belə idi. Mərhum prezidentimiz Heydər Əliyev bunu dünyaya elan etmişdi. Bizim yanaşmamız budur. Sizə bir şey deyim. 2 gündən sonra Türkiyə Böyük Millət Məclisi Azərbaycanla Dostluq qrupunun üzvləri partiyamızdan İstanbul millət vəkili Şamil Ayrımın başçılığı ilə Bakıya gedəcək. Aqrar, meşə və kənd işləri komissiyasının sədri kimi mən də Azərbaycan parlamentindəki həmkarlarımla geniş fikir mübadiləsi apararaq münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün lazımi addımları atmağa çalışacağıq.

- Prezident Ərdoğan son günlərdə Türkiyənin kənd təsərrüfatı sahəsindəki siyasətində radikal addımlar atılacağını vurğulayır. Eyni sahədə Azərbaycanın da islahlatlar aparmağa başladığını bildirilir. İslahat tədbirləri sahəsində müştərək addımlar atmağı düşünürsünüzmü?

- Birbaşa əcnəbi investisiyalar sahəsində Azərbaycan Türkiyədə birinci yerdədir. Xüsusən, tikinti sahəsində bizim də Azərbaycanda mühüm investisiyalarımız var. Biz iki ölkənin qarşılıqlı investisiyalarının kənd təsərrüfatı sahəsində də davam etməsini istəyirik. Biz kənd təsərrüfatı sahəsində çox məhsul növləri əldə edirik. Son illərdə kənd təsərrüfatı maşın və texnologiyaları sahəsində özümüzün istehsal etdiyimiz avadanlıqlar var. Ona görə hazırda Azərbaycanın kənd təsərrüfatına texnologiya göndərə biləcəyimizi demək istəyirəm. Bizdə əskik olan bəzi şeylər Azərbaycanda daha çox tədarük edilir, biz o məhsulları qardaş ölkədən gətirə bilərik. İki qardaş xalq birlikdə necə məhsul tədarük edə bilər, necə müştərək məhsul əldə edə bilər? Ən keyfiyyətli məhsulları vətəndaşlarımız üçün necə tədarük edərik? Bunun yollarını tapmalıyıq. Bilirsiniz ki, hazırda tərəvəzçilik sahəsində möhtəkirlərin yaratdığı müvəqqəti böhran var. Ona qarşı mübarizə aparırıq. Eyni şeylər Azərbaycanda da meydana çıxmasın deyə, təcrübələrimizi bölüşməyə hazırıq. Azərbaycanın enerji mənbələri var. Türkiyənin enerji mənbələri olmasa da bizdə məhsullar daha erkən yetişir. Avropa bazarına da yaxınıq. Biz Azərbaycan vasitəsiylə öz təcrübələrimizi digər qardaş türk ölkələri ilə də bölüşmək istəyirik. Bizim Azərbaycanla əməkdaşlığımız o biri qardaş ölkələr üçün də çox faydalı olar.

- Naxçıvanın kənd təsərrüfatını inkişaf etdirmək üçün Türkiyənin daim dəstək verdiyini bilirilir. Bundan sonra hansı addımlar atılacaq?

- Naxçıvanla Türkiyənin quru sərhədi var və biz həmişə orada kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirmişik. Orada tədarük edilən məhsullar asanlıqla Türkiyəyə gətirilib satılır. Biz özümüz buna şərait yaradırıq ki,münasibətlərimiz daha da dərinləşsin. Bir çox məhsul Türkiyədə də yetişir. Ancaq biz Naxçıvandan gətirilən məhsulların Ərzurum, Iğdır, Kars bölgələrində satılmasına özümüz şərait yaradırıq. Kənd təsərrüfatı sahəsində Azərbaycan da Naxçıvan da özlərini təmin edəcək qədər məhsul tədarük edə bilir. Oraların münbit torpaqları var. Biz Türkiyədə əkilməyən bəzi bitkilərin Azərbaycanda və Naxçıvanda yetişdirilərək ölkəmizə gətirilməsini istəyirik,bununla bağlı bəzi təşəbbüslərimiz var. Bir-birimiz üçün geniş bazar imkanları yaratmağın yollarını axtarmalıyıq.

Mais Əlizadə

Son xəbərlər

Orphus sistemi