Yuxarı

Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri görüşəcək - FOTO

Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolunun tariflərinin müəyyənləşməsi və istismar şərtləri müzakirə olunacaq

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Türkiyədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ilə Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icra vəziyyəti müzakirə olunub.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, qarşılıqlı səmimi və dostluq şəraitində keçən görüşdə Cavid Qurbanov Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tarixi, mövcud vəziyyəti, reabilitasiya, rekonstruksiya və tikintisində görülən işlər, eləcə də bu dəhlizə cəlb oluna biləcək yüklər haqqında məlumat verib. O bildirib ki, hazırda bağlantının Gürcüstan hissəsindən Türkiyə sərhədinə qədər olan hissədə yolun üst quruluşu işləri tamamlanıb, indi dizel ilə işləyən lokomotivlər bütün yol boyunca maneəsiz hərəkət edə bilirlər. Elektrik təchizatı, işarəvermə və rabitə işləri bu ilin avqust ayına kimi tamamlanacaq və yol tam istismara veriləcək.

Ə.Arslan isə öz növbəsində vurğulayıb ki, layihənin Türkiyə hissəsində tikinti işlərinin çox hissəsi görülüb. Bir çox tamamlama, eyni zamanda elektrik təchizatı, işarəvermə və rabitə işləri ilin sonuna kimi başa çatdırılacaq.

Tərəflər yaxın gələcəkdə Azərbaycan, Gürcüstan və Türkiyə rəsmilərinin iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolunun istismar şərtləri və tarif siyasətinin müəyyən edilməsi üçün üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi